Milli Şura Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli barəsində cinayət işi açılmasına münasibət bildirib.
Lent.az xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında açıqlama verib. G. Hacıbəylinin sözlərinə görə, cinayət işi ölkədə olmadığı zaman açılıb:
“Mənə ölkədə olmadığım, məlumatım olmadığı, xəbərdar edilmədiyim, SMS xəbərdarlıq almadığım halda xüsusi ittiham qaydasında cinayət işi açıblar. Feysbukda bir nəfərin statusunun altında yazdığım şərhə görə, özü də status bir neçə gündən sonra silindiyi halda. Yəni, olmayan şərhə görə. Mənim xəbərim olmadan mənə vəkil də tutublar ki, işi icraata götürüb axtarışa versinlər”.
***
Saat: 10:57
Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli barəsində həbsli axtarışla bağlı qərar ləğv olunub.
Lent.az xəbər verir ki, bu barədə APA-ya Gültəkin Hacıbəylinin vəkili Bəhruz Bayramov məlumat verib.
O bildirib ki, Gültəkin Hacıbəyli Nəsimi rayon Məhkəməsinə gətirilib və sərbəst buraxılıb: “Ondan xüsusi ittiham qaydasında şikayət edən Leyla Arif adlı şəxsdir. Leyla Arif sosial şəbəkə hesabında Gültəkin Hacıbəylinin ona böhtan atdığını bildirib və barəsində şikayət verib”.
Gültəkin Hacıbəyli ölkədə olmadığına görə, onun barəsində həbsli axtarış elan olunub. Hazırda dayandırılmış icraat yenilənib və hakim Elməddin Hüseynovun icraatında olan iş üzrə məhkəmə prosesi dekabrın 8-nə təyin edilib.
***
saat 10:25
Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli saxlanılıb.
Lent.az xəbər verir ki, xaricdən ölkəyə qayıdarkən Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılan G. Hacıbəyli polisə təhvil verilib.
Məlum olub ki, onun barəsində Nəsimi rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət daxil olub və haqqında Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət işi başlanıb.
G. Hacıbəyli Nəsimi rayon Məhkəməsinə aparılıb, ifadəsi alınaraq sərbəst buraxılıb.