Göyçay rayonunda fərdi yaşayış evində yanğın baş verib.
Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə bu gün saat 20:30 radələrində Göyçay şəhərinin Zakir Nəcəfov küçəsində qeydə alınıb.
Şəhər sakini, 1950-ci il təvəllüdlü Zeynalova Fəridə Heydər qızına məxsus ümumi sahəsi 165 kvadratmetr olan 4 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 maşını və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı ev tamamilə yanaraq yararsız hala düşüb.
Yanğın zamanı xəsarət alan olmayıb. Yanğınsöndürənlər alovun qonşu evlərə keçməsinin qarşısını alıblar.
Hazırda ərazidə alovun tam söndürülməsi prosesi gedir. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.