Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon Prokurorluğundan Lent.az-a daxil olan məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Rövşən Əsgərbəylinin həmin gün saat 20 radələrində yaşadığı rayonun Qaraqurtlu kəndindəki evində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Əliağa Əsgərbəyliyə bıçaqla çoxsaylı xəsarətlər yetirməsinə, sonra da tüfənglə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
***
Saat: 12:22
Hazırda istintaq davam edir.
Xaçmazda bıçaqlanma hadisəsi olub.
Lent.az xəbər verir ki, rayon sakini Əliağa Əsgərbəylini əmisi Rövşən Əsgərbəyli bıçaqlayıb. Sonra R.Əsgərbəyli özünü güllələyərək intihar edib.
Hazırda onun meyiti Xaçmaz rayon məhkəmə-tibbi ekspertiza şöbəsində müayinə edilir. Əliaağ Əsgərbəyli isə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xatırladaq ki, Əliağa Əsgərbəyli Siyəzən rayon Dövlət Yol Polisi Şöbəsinin keçmiş rəisidir. O, avqustun 19-da nazir Vilayət Eyvazovun əmrilə tutduğu vəzifədən kənarlaşdırılıb.
Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru Xəyal Talıblı Lent.az-a təsdiqləyib. O bildirib ki, hazırda hadisə ilə bağlı rayon Prokurorluğunda araşdırma aparılır.
Əldə etdiyimiz məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində qeydə alınıb. Rövşən Əsgərbəyli qardaşı oğlunu bıçaqladığı üçün peşman olub. Bu səbəbdən də o, özünü güllələyib və həyatına son qoyub.
Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı bizim.media saytı yayıb.