Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) həbs etdiyi xeberman.com saytının redaktoru Polad Aslanovun kassasiya şikayətinə baxılıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, Ali Məhkəmədə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, P. Aslanovun cəzası 16 ildən 13 ilə endirib.
Qeyd edək ki, Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlәtә xәyanәt) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham olunur.
DTX-nın yaydığı rəsmi açıqlamada qeyd olunub ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə, qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.
Bundan başqa Polad Aslanov Azərbaycanda olan bəzi jurnalistləri də xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb etməkdə təqsirləndirilir.
Bundan başqa əməkdaşlığa cəlb etmək istədiyi jurnalistlərdən biri bununla razılaşmadığı üçün Polad Aslanov hədələyib. Buna görə də ona qarşı Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda) maddəsi ilə də təqsirləndirilir.
P.Aslanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il azadlıqdan məhrum edilib.