2022-ci ilin bitməsinə az bir zaman qalıb. İlin yekunlaşması və yeni ilin gəlişi hər il olduğu kimi, bu il də bir mövzunu aktuallaşdırır: Azərbaycan Respublikası Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayacaqmı?
Maraqlıdır, bu istiqamətdə insan hüquqlarının müdafiəsi təşkilatları tərəfindən Azərbaycan Respublikası Prezidentinə əfv haqqında müraciət ünvanlanıb?
Tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, həm əfv, həm də amnistiya qərarının verilməsini gözləyirlər:
“Çox istərdik ki, qarşıdan gələn Yeni il münasibətilə Prezident İlham Əliyev həm əfv, həm də amnistiya haqqında sərəncam imzalasın. Biz bu istiqamətdə müvafiq işlərə başlamışıq. Artıq bir sıra görüşlər belə keçirmişik.
Xüsusilə qeyd edim ki, Milli Məclisin insan hüquqları komitəsinin sədri Zahid Orucla görüşüb, ona bu haqda da məlumat vermişik”.
N.Cəfəroğlu əfv və amnistiyaya düşə biləcək şəxslər haqda danışıb:
“Siyahıda 27 nəfər siyasi məhbusun adı qeyd edilib. Hansı ki, cəzalarının bitməsinə 2-3 il qalır. Onların əfv olunmalarını təklif edirik. Bundan başqa, ömürlük həbs cəzasına məhkum edilən şəxslərin də bəzilərinin əfv edilməsi təklifi ilə çıxış etmişik. Elə insan var, 27, hətta daha uzun müddətdir həbsxanada qapalı məkanda cəza çəkir. Belə insanların islah olunduğunu düşünürük və azadlığa buraxıla bilər.
Nəticə etibarilə bu və digər şəxslər haqda müzakirələrimiz olub və ümid edirik ki, bu il həm əfv, həm də amnistiya qərarı olacaq”.(globalinfo.az)