Bu il mart ayında küləkli havada qadının başına yaxınlıqdakı tikintidən əşya düşüb ölməsi ilə bağlı bir nəfər təqsirli bilinir.
Lent.az-ın məlumatına görə, cinayət işi üzrə ibtidai istintaq tədbirləri başa çatıb. Toplanan materiallar baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İş hakim Solmaz Mustafayevanın icraatına verilib.
Xatırladaq ki, martın 7-də saat 12 radələrində Nəsimi rayonu, Puşkin küçəsi, 1 ünvanında bir nəfər qadının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, 34 yaşlı Namətova Şəfəq Məhərrəm qızı qeyd edilən ünvanda piyada hərəkətdə olan zaman Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda görülən təmir işləri ilə əlaqədar inzibati binanın ətrafına təhlükəsizlik tədbirləri üçün quraşdırılan dəmir lövhələrdən birinin güclü küləyin təsirindən uçaraq onun üzərinə düşməsi nəticəsində ölüb.