Azərbaycandan olan evli cütlük Yekaterinburqa 3 çamadanda elit spirti keçirməyə cəhd edib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, onlar Bakıdan Koltsovo hava limanına gəliblər.
Ural Gömrük İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, cütlük “yaşıl dəhliz”ə daxil olarkən saxlanılıb. Baxış zamanı onların 15 butulka elit konyak və nar şərabı daşıdıqları məlum olub. Bütün içkilərin qiyməti təxminən 40 min rubl (832 manat) təşkil edir.
Həmin şəxsin sözlərinə görə, spirtli içki Azərbaycanda alınıb. O, gömrük sərhədindən keçərkən çamadanların içindəkilər miqdarının çox olduğunu və bəyan edilməli olduğunu bilmədiyini deyib.
Qeyd edək ki, Rusiya gömrük postundan şəxsi istifadə üçün yalnız 5 litr spirtli içki keçirilməsinə icazə verilir.