Bakıda qızıl satan qadın dələduzluğa məruz qalıb.
Lent.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası sakini olan Elvira İbrahimova əvvəlcə mağazada qızıl satan Zəminə Baxşəliyevanın etimadını qazanıb. Onların tanışlığı qızıl alqı-satqısı zamanı yaranıb. Bu vaxt Elvira özünü “Afət” kimi təqdim edib.
Məlumata əsasən, 7-ci mikrorayonda kirayədə qalan “Afət” bir neçə dəfə Zəminənin çalışdığı mağazadan, xüsusən də, Zəminədən külli miqdarda qızıl alıb. Bununla da “yağlı müştəri”yə çevrilib.
Sonuncu dəfə “Afət” yəni Elvira İbrahimova mağazaya gedərək, Naxçıvandan imkanlı qohumlarının gəldiyini və bahalı qızıllar almaq istədiklərini bildirib. O, həmçinin qohumlarının evdə onu gözlədiklərini də deyib. Bu yolla etibarını qazandığı Zəminənin 30 min 200 manatlıq qızılını götürüb və yoxa çıxıb. Bundan sonra onunla əlaqə yaratmaq mümkün olmayıb. Aldadıldığını görən zərərçəkmiş hüquq-mühafizə orqanlarına üz tutub.
Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluq əməlini törədən E. İbrahimova saxlanılaraq istintaqa təhvil verilib. Dəymiş ziyan isə zərərçəkmişə ödənilib.
Saxlanılan şəxsin Bakının digər rayonlarında da anoloji əməllər törətməsi istisna edilmir.