Bakıda taksi sürücülərinə qarşı dələduzluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, əməliyyatlar zamanı özünü hotel əməkdaşı kimi təqdim edərək taksi sürücülərinə qarşı dələduzluq edən və onların hesabından öz kartına pullar köçürən Əli Dadaşov tutulub. Bu şəxsin dələduzluq yolu ilə 10-dan artıq taksi sürücüsünü aldatdığı məlum olub.
Paytaxtda polisin keçirdiyi növbəti əməliyyatlar zamanı isə vətəndaşların kartlarındakı pul vəsaitlərini müxtəlif üsullarla ələ keçirən Rüfət Yusifov, Amin və Ramil Əliyev qardaşları tutulublar.
Saxlanılan şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı şəhər Baş Polis İdarəsinə və "102" Xidməti Zəng Mərkəzinə məlumat verə bilərlər.
Aşkar edilmiş faktlarla bağlı araşdırmalar davam etdirilir.