Daxili İşlər Nazirliyi Şirvanda baş verən qətlə münasibət bildirib.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Lent.az-ın sorğusuna cavab olaraq deyib ki, bu gün saat 18 radələrində Şirvanda şəhər sakini, əvvəllər üç dəfə məhkum olunmuş Elnur Abıyev qoşalülə ov silahından atəş açaraq, ailə münaqişəsi zəminində həyat yoldaşı Xəyalə Abıyevaya ağır bədən xəsarəti yetirib:
“Yaralı xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, o, xəstəxanada vəfat edib. Cinayəti törədən Elnur Abıyev isə istifadə etdiyi odlu silahı götürərək, hadisə yerindən qaçıb.
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində onun gizləndiyi yer (atasının evində gizlənib) müəyyən edilib.
E.Abıyevə silahı təhvil verib təslim olmaq barədə bir neçə dəfə xəbərdarlıq edilib. Lakin o, bu tələbdən qətiyyətlə imtina edərək, polis əməkdaşları istiqamətində bir dəfə atəş açıb.
Belə olan halda polis əməkdaşları xidməti silah tətbiq etmək məcburiyyətində qalıb və onun diz nahiyələrindən vuraraq zərərsizləşdiriblər.
Silah götürülüb və o, təcili xəstəxanaya aparılıb. Hazırda o, polis nəzarəti altında şəhər xəstəxanasında müalicə alır”.
Faktla bağlı cinayət işi başlanılıb.
***
21.39
Fevralın 18-də, saat 18 radələrində 43 yaşlı Şirvan şəhər sakini Abıyev Elnur Mətləb oğlu şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı yaşadıqları evdə arvadı 40 yaşlı Abıyeva Xəyalə Cabir qızına qoşa lüləli ov tüfəngi ilə 1 dəfə atəş açaraq hadisə yerindən qaçıb, sonuncuya tibb işçiləri tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq aldığı xəsarətdən xəstəxanada ölüb.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Elnur Abıyevin tutularaq istintaqa cəlb edilməsindən ötrü Şirvan şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı E.Abıyev polis əməkdaşlarını gördükdə özündə olan qoşa lüləli ov tüfəngi ilə onlara atəş açıb, həmin vaxt polis əməkdaşları xidməti silah tətbiq edilməklə onun hər iki ayaq nahiyəsinə atəş açaraq hərəkət etməsinin qarşısı alınmaqla sonuncu saxlanılıb.
Faktla bağlı Şirvan şəhər Prokurorluğunda cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***
20:22
Şirvanda əri tərəfindən güllələnən 1982-ci il təvəllüdlü Abıyeva Xəyalə Cabir qızı xəstəxanada dünyasını dəyişib.
Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, Şirvan şəhər sakini Elnur Abıyev saxlanılarkən polisə silahlı müqavimət göstərib. Ov tüfəngindən atəş açan E.Babayev polislərlə atışmada yaralanıb.
O, yaralı vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
***
19.16
Şirvanda qadın əri tərəfindən güllələnib.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Şirvan şəhəri “Köhnə şəhər” adlanan ərazidə, Gülbala Şıxbala oğlu küçəsində baş verib.
Ailə münaqişəsi zəminində Şirvan şəhər sakini Elnur Abıyev həyat yoldaşı - 1982-ci il təvəllüdlü Abıyeva Xəyalə Cabir qızını ov tüfəngi ilə vurub.
Qarın nahiyəsində güllə yarası alan qadın Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirlərək əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.