Balakəndə son iki gün ərzində keçirilən tədbirlər nəticəsində 8 nəfər saxlanılıb, onlardan aşkarlanan 15 kiloqram narkotik dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə əmioğlanları - Fərman və İsrafil Qarayevlər saxlanılıb.
Şəxsi axtarış zamanı qohumların üzərindən marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə Fərman Qarayevin yaşadığı ünvanda külli miqdarda narkotik vasitə gizlətdiyi də müəyyən edilib. Onun Gərəkli kəndi ərazisində yerləşən evinə baxış zamanı ümumi çəkisi 14 kiloqrama yaxın olan qurudulmuş marixuana aşkarlanıb. Araşdırma zamanı saxlanılan şəxsin narkotik vasitəni ötən ilin mart ayında meşəlik ərazidə becərdiyi çətənə kollarından əldə etdiyi məlum olub. Həmin meşə massivinə baxış keçirilərkən oradan narkotik tərkibli bitkilərin hissələri götürülərək istintaqa təhvil verilib.
Polis əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotikləri satmaqda, saxlamaqda şübhəli bilinən daha 6 nəfər rayon sakini –Əsgər Əsgərov, Rizvan Cücüyev, Azər Qardaşov, Kamran Əliyev, Araz Babayev və onun qohumu Nazim Baradov tutulub. Onlardan külli miqdarda güclü təsiredici narkotik vasitə-heroin və marixuana aşkar edilərək dövriyyədən çıxarılıb.
Qeyd edək ki, saxlanılan şəxslərin əksəriyyəti əvvəllər də eyni əmələ görə məhkum olunublar və onlar izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər. Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, rayon ərazisində “ağ ölüm”ü yayan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.