Ekoloji mühitə ziyan vurulması faktları ilə bağlı cinayət işləri başlanılıb.
Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində Bakı şəhərinin Nəsimi rayonu, habelə Yevlax və Xaçmaz rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılmışdır.
Bakı şəhərinin Nəsimi rayonuda “Şərq İnşaat” MTK-nın icarəsinə verilmiş olduğu ərazidə, Bakı-Qazax magistral avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində “Lalə tekstil” MMC-nə məxsus tikilinin qarşısında meşə fonduna daxil olmayan və Xaçmaz rayonunun ərazisində meşə fonduna daxil olan ağacların və kolların qanunsuz kəsilməsi, həmin ərazinin qanunsuz şumlanması və əkilməsi faktları aşkar edlmişdir.
Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma), 259.2.3 və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilmişdir.