Balakəndə avtoxuliqan saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Balakən rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən sürücü saxlanılıb.
Şəhər sakini Asif Əzizov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə davamlı şəkildə yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri edib və həmin əməllərini özünün “Tik-Tok” sosial şəbəkə hesabında paylaşıb.
İntizamsızlıq edən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə Asif Əzizov sürücülük hüququndan 1 il müddətinə məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs olunub.