Banqkok yerin altına batıb, Tayvanı isə super qasırğa yuyub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Şərqi Asiyada eyni vaxtda iki böyük fövqəladə hadisə baş verib. Tailandın paytaxtı Banqkokda hərəkətli küçələrdən birində nəhəng çuxur açılıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə asfaltın yerə çökdüyü, elektrik dirəklərinin və yeraltı kommunikasiya xətlərinin dağıldığı görünür. İlkin məlumata görə, səbəb metro tunelinin stansiya ilə birləşdiyi hissədə torpağın eroziyaya uğraması və su borularının sızması nəticəsində torpağın yuyulması olub.
Hadisə polis bölməsi və Vaçira xəstəxanasının yaxınlığında baş verib. Xəstəxana müvəqqəti olaraq xəstə qəbulunu dayandırıb, polisə məxsus bir avtomobil isə yaranan nəhəng çuxurun dibinə düşüb. Çökmənin diametri hələ də böyüməkdədir. Hakimiyyət ərazini tamamilə bağlayıb, su və elektrik təchizatını kəsib, qonşu evlərin sakinlərini təxliyə edir.
Tailandın baş naziri Anutin Çarnvirakul hadisə yerinə gələrək bildirib ki, bərpa işləri təxminən bir il çəkə bilər.
Tayvanı super qasırğa “Ragasa” vurdu
Eyni vaxtda Tayvan “Ragasa” adlı super qasırğanın zərbəsinə məruz qalıb.
Şərqdəki Xualyan dairəsində güclü yağıntılar nəticəsində su anbarının bəndi dağılıb, su kəndlərə doğru axaraq Guanfu qəsəbəsini tamamilə su altında qoyub və körpünü dağıdıb. Son məlumata görə 17 nəfər həlak olub, 18 nəfər yaralanıb, 120-dən çox insan itkin düşüb
Fırtına həmçinin Filippinin şimalına da çatıb. Minlərlə insan məktəblərə və xüsusi mərkəzlərə təxliyə edilib. Orada azı 3 nəfər ölüb, 5 nəfər itkin düşüb.
Güclü leysan və küləklər Honkonqa da çatıb. Ən azı 13 nəfər xəsarət alıb, 3 nəfəri isə dalğalar dənizə aparıb. Şəhərin beynəlxalq hava limanında reyslər 25 sentyabra qədər dayandırılıb.
Hazırda tayfun materik Çinə doğru hərəkət edir. Quandonq əyalətində iki milyona yaxın insan təxliyə olunub, məktəblər və müəssisələr bağlanıb, ictimai nəqliyyatın hərəkəti dayandırılıb.