İzmirin Torbalı rayonunda narkotik aludəçisi olduğu iddia edilən gənc mübahisədən sonra valideynlərini tapança ilə güllələyib, daha sonra eyni silahla özünü başından vurub.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, dəhşətli hadisədə ana və ata həyatını itirərkən, qatil oğul ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Dünən axşam saatlarında Tepeköy məhəlləsi 4508 küçəsində yerləşən evdə narkotik aludəçisi olduğu iddia edilən 25 yaşlı Kamil Yılmaz 48 yaşlı anası Sevilay Yılmaz və 50yaşlı atası Hikmət Yılmaz ilə hələ müəyyən olmayan səbəbdən mübahisə etməyə başlayıb.
Mübahisə böyüdükdən sonra Kamil Yılmaz ana və atasını güllələyib. Ana və ata qan içində yerə yıxılarkən, Kamil Yılmaz da eyni silahla başına atəş açıb.
Silah səslərini eşidən və evdə olan ailənin kiçik qızı 13 yaşlı A.D.Y. otağa girərkən anasını, atasını və qardaşını qan içində yerdə görüb.
Şokda olan uşaq vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildirərkən, xəbərin ardından evə polis və sağlamlıq qrupları sövq edilib. Sağlamlıq qrupları tərəfindən aparılan yoxlama zamanı ana Sevilay Yılmaz və ata Hikmət Yılmazın həyatını itirdiyi müəyyən edilib.
Ağır yaralı olduğu təsbit edilən Kamil Yılmaz sağlamlıq qrupları tərəfindən təcili yardımla Torbalı Dövlət Xəstəxanasına aparılıb.