Astara rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə "COVİD-19" infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Astara rayonunun Artupa kənd sakini Azər Həmidova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.
Lakin Astara rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və şəhər ərazisindəki mağazalardan birində aşkar edilərək yaşadığı ünvana qaytarılıb.
COVID-19 infeksiyasının daşıyıcısı olan A.Həmidovla profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.
Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Astara rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.