Qubada evini tərk edən koronavirus xəstəsinə xəbərdarlıq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Quba rayon sakini Elçin Abramov "COVID-19" infeksiyası testinin pozitiv nəticəsinə görə bir müddət xəstəxanada müalicə alıb, sonra ona ev şəraitində müalicə təyin edilib.
E.Abramov evə buraxılan zaman ona karantin qaydaları izah olunub və tətbiq olunan qaydalara riayət etməsi, eləcə də yaşayış yerini tərk etməməsi tapşırılıb. Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.
Polis şöbəsinin əməkdaşları qaydaları pozan Elçin Abramovun törətdiyi qanunazidd hərəkətin qarşısını dərhal alıb, yaşadığı ünvana qaytarılmasını təmin edib və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.
Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Quba rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.