Konstitusiya Məhkəməsi Bərdə terroru ilə bağlı dünya ölkələrinin konstitusiya ədalət mühakiməsi orqanlarina müraciət edib
30 oktyabr 2020 04:53 (UTC +04:00)

Konstitusiya Məhkəməsi Bərdə terroru ilə bağlı dünya ölkələrinin konstitusiya ədalət mühakiməsi orqanlarina müraciət edib

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Bərdə şəhərində oktyabrın 27-də və 28-də mülki əhaliyə qarşı Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi terror aktları ilə bağlı dünya ölkələrinın konstitusiya ədalət mühakiməsi orqanlarına müraciət edib.

APA xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Müraciətdə deyilir: “Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq, Azərbaycan əhalisinin sıx yaşadığı şəhər və kəndləri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törədir. Ermənistan silahlı qüvvələri hərbi cinayətlərini davam etdirərək, beynəlxalq hüquq normaları ilə qadağan edilmiş kaset bombalarından istifadə etməklə, oktyabrın 27-də Bərdə şəhərini müxtəlif istiqamətlərdən ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 4 dinc sakin həlak olub, 13-ə yaxın insan yaralanıb. Oktyabrın 28-də isə Bərdə şəhərinin Ermənistan tərəfindən yenidən raket atəşinə tutulması 21 dinc sakinin həlak olması, 70-ə yaxın insanın yaralanması ilə nəticələnib.

Həmin terror aktlarının nəticəsində ölənlər və yaralananlar arasında azyaşlı uşaqlar və qadınlar var. Mülki infrastruktura ciddi ziyan dəyib.

Döyüş zonasından 40 kilometr məsafədə yerləşən Bərdə şəhərinə iki gün ard-arda raket zərbələrinin endirilməsi və mülki şəxslərin vəhşicəsinə qətlə yetirilməsi erməni faşizminin növbəti təzahürüdür.

Ümumiyyətlə, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın müxtəlif yaşayış məntəqələrində 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb.

Dinc əhaliyə qarşı törədilən bu terror aktları bir daha onu göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq humanitar hüquq normalarını, xüsusilə “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyanı, BMT-nin Uşaq Hüquqları Konvensiyasını, habelə insan hüquqları sahəsində digər beynəlxalq hüquq sənədlərini kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətindən əl çəkmir, sülh və insanlıq əleyhinə yönəlmiş cinayətlərini davam etdirir.

Biz dünyanın bütün konstitusiya ədalət mühakiməsi orqanlarını, Ermənistan hökumətinin qadağan edilmiş silahlardan istifadə edərək beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi hərbi və qeyri-insani cinayət əməllərini və qəddar işğalçı siyasətini qınamağa çağırırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1615
avatar

Oxşar yazılar