Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Operativ Qərargah tərəfindən elan edilmiş tələblərə əməl olunması məqsədilə rayon ərazisində nəzarət tədbirləri davam etdirilir.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhər ərazisində keçirilən reydlər zamanı karantin rejiminin tələblərinə əməl etməyən şəxslərlə maarifləndirici söhbətlər aparılıb. Diqqətə çatdırılıb ki, hər bir şəxs karantin qaydalarına, koronavirusun profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş metodiki göstərişlərə əməl etməlidir. Həmçinin, mağazalarda bəzi satıcı və müştərilərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi, sosial məsafəni qorumadıqları aşkar edilib. Onlara virusun qapalı məkanlarda daha tez yayıldığı və belə yerlərdə qaydalara riayət etməyin vacibliyi diqqətə çatdırılıb. Reyd zamanı polis əməkdaşlarının haqlı iradlarını aradan qaldırmayan, eləcə də qanuni tələbə məhəl qoymayan şəxslərə də rast gəlinib.
Ümumilikdə şəhər ərazisində qaydaları pozduqları üçün 5 obyekt sahibi və icarədar, eləcə də polisin qanuni tələbinə məhəl qoymayan 1 nəfər barəsində Ağdaş rayon Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
Qeyd edək ki, göstərişin tələblərindən irəli gələn qaydalara əməl olunması üçün bu istiqamətdə reydlər növbəti günlərdə də davam etdiriləcək və tələbləri pozanlar barəsində inzibati cəza tədbirləri görüləcək.