Son müddət ərzində Azərbaycan-İran dövlət sərhədində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsinin qarşısı alınmış, təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.
Lent.az-a Dövlət Sərhəd Xidmətindan verilən məlumata görə, bu nəticələr dövlət sərhədinin fiziki və texniki yolla mühafizəsinin təkmilləşdirilməsi, bilavasitə dövlət sərhəd xəttində müasir müşahidə və aşkaretmə avadanlıqlarının tətbiqi, əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, İran İslam Respublikasının sərhəd qoşunları ilə qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi sayəsində əldə olunub.
Dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində bu ilin yanvar ayının 1-dən etibarən 5 halda ümumi çəkisi 50 kq 230 qram və 8500 ədəd həb şəklində narkotik vasitənin və psixotrop maddələrin qaçaqmal yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb, 4 nəfər Azərbaycan və 2 nəfər İran vətəndaşı saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar.
Təkcə son 10 gün ərzində Azərbaycan-İran dövlət sərhədində 3 halda ölkə ərazisinə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb:
Yanvarın 26-da “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana doğru hərəkət edən 1 nəfər naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb, qaçaqmalçı əlindəkiləri ataraq geri qaçıb. Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, nəticədə 1 ədəd kisənin içərisində ümumi çəkisi 1 kiloqram 900 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
Fevralın 1-də “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonu, Aranlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana doğru hərəkət edən 2 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qarşı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılıb və sərhəd pozucuları əllərindəki çanta ilə qaçmaq istəyərkən saxlanılıblar. Saxlanılan şəxslərin İran vətəndaşları, 40 yaşlı Rza Zend Xanhüseyn və 34 yaşlı Muradi Talıb Bayram olması müəyyənləşdirilib. Sərhəd pozucularının üzərinə baxış zamanı ümumi çəkisi 9 kiloqram 485 qram narkotik vasitə və 823 ədəd həb, həmçinin 1 ədəd SUR-2608 markalı tapança, 1 ədəd daraq, 6 ədəd patron aşkar olunaraq götürülüb.
Fevralın 2-də “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonu, Məlikqasımlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana doğru hərəkət edən 2 nəfər naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb, sərhəd pozucuları əllərindəki çantanı əraziyə ataraq geri qaçıblar. Ərazidə axtarış tədbirləri keçirilib, 2 ədəd çantanın içərisində ümumi çəkisi 16 kiloqram 200 qram narkotik vasitə və 5377 ədəd həb aşkar olunaraq götürülüb.
Bu sərhəd pozma hallarının hər biri barədə sərhəd nümayəndəliyi xətti İran sərhədçiləri müvafiq qaydada məlumatlandırılmış, bu kimi hallara qarşı birgə mübarizə tədbirlərinin gücləndirilməsi razılaşdırılıb.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.