Ağdamda mülki şəxsin evinə top mərmisi düşüb.
Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, işğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində bu gün saat 13 radələrində Ağdam rayonu, Hacıməmmədli kəndində yaşadıqları evə düşmüş top mərmisinin qəlpələrindən 54 yaşlı Məmmədov Mürşüd Rəşid oğlu və onun 24 yaşlı oğlu Samir Məmmədov həlak olmuş, yaşadıqları evə külli miqdarda ziyan dəyib.
Faktla bağlı Ağdam rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma),186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Baş Prokurorluq tərəfindən ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcək.