Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurasının Dövlət Müşaviri, CXR-nın Xarici işlər naziri Van İn Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarova teleqram ünvanlayıb.
Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Teleqramda Van İn yeni koronavirus pnevmoniyası başlayandan bəri, Azərbaycan tərəfinin epidemiya ilə mübarizədə Çinə güclü dəstək verdiyini qeyd edir və bu xüsusda Çinin dərin minnətdarlığını ifadə edir.
Hazırda yeni koronavirus sətəlcəm epidemiyasının getdikcə dünya miqyasında yayıldığını və Azərbaycanda təsdiqlənmiş halların artdığını qeyd edən Van İn, ÇXR Xarici İşlər Nazirliyi və şəxsən öz adından dost Azərbaycan xalqına başsağlığı verir və bütün xəstələrin erkən sağalmasını arzu edir.
Teleqramda qeyd edilir ki, Çin və Azərbaycan yaxın dost və yaxşı tərəfdaşdırlar. Azərbaycan tərəfi epidemiyanın qarşısını almaq və nəzarət etmək üçün fəal tədbirlər həyata keçirir. Çin bu məqsədlə öz imkanları daxilində yardım göstərməyə və epidemiya vəziyyəti, qarşısının alınması və nəzarət təcrübəsi, eləcə də tibbi müalicə ilə bağlı Azərbaycan tərəfi ilə sıx əlaqə saxlamağa hazırdır.
“Biz inanırıq ki, Azərbaycan tərəfi ən qısa müddətdə epidemiyanı aradan qaldıracaq və Çin-Azərbaycan münasibətləri yeni və daha böyük inkişafa başlayacaq”, - deyə teleqramda vurğulanır.