Avqustun 10-u saat 03:05 radələrində “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində naməlum şəxslərin hərəkəti sərhəd naryadı tərəfindən aşkar edilib.
Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb və sərhəd naryadı tərəfindən “Dayan” əmri verilib. Nəticədə xidməti ərazidə hərəkətdə olan 14 nəfər şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılıb.
Saxlanılan şəxlərin Ağstafa rayon sakinləri olmaları müəyyən edilib, onlardan 7-sinin azyaşlı olması nəzərə alınmaqla Ağstafa rayonu icra hakimiyyətinin başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya təhvil verilib.
Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.