Astarada gizli fəaliyyət göstərən çayxananın sahibi və 7 müştəri cərimələnib.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Astara rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayonun Qamışovka kəndində yerləşən çayxananın karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub. Keçirilən baxış zamanı orada olan obyekt sahibi və Astara sakinləri olan 7 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib.
Həmin şəxslər Astara rayon Polis Şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunublar.