Qanunsuz ağac kəsilməsi faktları ilə bağlı cinayət işləri başlanıb.
Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, Cinayət təqibindən kənar icraatlar idarəsində respublika tabeli şəhər və rayonlarda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Araşdırmalar zamanı Bakı şəhərinin Suraxanı rayonu, Gəncə şəhəri, həmçinin Ağdam, Qax, Zərdab rayonları ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 112 ədəd ağacın kəsilməsi nəticəsində təbiətə 92 min manatdan çox ziyan vurulmasına dair əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 (xeyli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.