Moskvada bahalı tutuquşu oğurlamaqda şübhəli bilinən dələduz cinayət-axtarış əməkdaşları tərəfindən saxlanılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, Moskvanın Mitino rayonu üzrə cinayət axtarış şöbəsinin əməkdaşları yerli sakini saxlayıblar. O, ekzotik tutuquşu alarkən dələduzluqda şübhəli bilinir.
Polisin məlumatına görə, kişi pet mağazasından 250 min rubla (təxminən 4700 manat) sarı xallı tutuquşu sifariş edib. O, quşu aldıqdan sonra bankın mobil tətbiqi vasitəsilə ödəniş edəcəyini deyib. Alıcı quşu çatdıran kuryerə guya ödəniş etməsi ilə bağlı qəbzin ekran görüntüsünü göstərib. Bundan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Satıcı da heç vaxt pulu ala bilməyib.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 3-cü hissəsi (“Kütləvi miqyasda dələduzluq”) ilə cinayət işi başlanıb. Şübhəlinin məkanı tərk etməməsi ilə bağlı etimad göstərilib.