Saatlı Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sabiq direktoru Nizami Mehtiyev tərəfindən rayon sakinlərindən işə düzəltmək adı ilə pul vəsaiti alınması barədə müraciət üzrə araşdırma aparılıb.
Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, araşdırma zamanı Nizami Mehtiyevin direktor işlədiyi dövr ərzində qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını talamasına, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə öz qulluq mənafeyinə qəsdən zidd olaraq vətəndaşların işə düzəlməsi ilə əlaqədar müxtəlif vaxtlarda ümumilikdə 25 min manat pul vəsaitini rüşvət qismində almasına və vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.