Dekabrın 17-də Bakı-Ələt yolunda baş verən qəzada xəsarət alanlardan biri ölüb.
Lent.az-ın məlumatına görə, qəzada ağır xəsarət alan 11 yaşlı Əli Əlilli dekabrın 29-da müalicə aldığı Klinik Tibbi Mərkəzdə dünyasını dəyişib.
Qeyd edək ki, dekabrın 17-də Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində, Bakı-Ələt yolunun 61-ci kilometrliyində 36 yaşlı Gədəbəy rayon sakini İsmayılov Cəmşid Alı oğlu idarə etdiyi “Ford Transit” markalı, 99-CA-495 dövlət qeydiyyat nişanlı mikroavtobusla Qazax rayonu istiqamətində hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkətdə olan 37 yaşlı Saatlı rayon sakini Əliyev Rövşən Yaşar oğlunun idarə etdiyi “VAZ 2105” markalı, 50-DU-435 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Qəza nəticəsində “Ford Transit” markalı mikroavtobusda olan sərnişinlər - 11 yaşlı Əlili Əli Xaliq oğlu və 61 yaşlı Qəhrəmanova Akifə Təlfildar qızı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə, 34 yaşlı Əliyeva Samirə Nüsrət qızı, 41 yaşlı Əliyev Xaliq Şahbaz oğlu, 27 yaşlı Mərdanov Zabit Rəhman oğlu travma şöbəsinə yerləşdirilib, 23 yaşlı Ağabəyova Əfsanə Fizuli qızı, 53 yaşlı Ağabəyova Gülnaz Baba qızı, 60 yaşlı Məmmədova Təranə Fərman qızı və 13 yaşlı Əlili Nigar Xaliq qızı müayinə olunaraq evə buraxılıblar.
Hadisədən sonra tibbi müayinə zamanı “Ford Transit” markalı mikroavtobusun sürücüsü Cəmşid İsmayılovun narkotik vasitə olan marixuanadan istifadə etdiyi məlum olub və özü də bunu etiraf edib.
Bununla yanaşı müəyyən edilib ki, əvvəllər dəfələrlə məhkum olunmuş sürücü Cəmşid İsmayılov, həmçinin Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə, yəni yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub başqa şəxslərin sağlamlığına zərər vurduğuna görə 2011-ci və 2013-cü illərdə cinayət məsuliyyətinə cəlb edilib.
Yol qəzası ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkən şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb.