Yumurtanın qiymətinin süni şəkildə artırılması ilə bağlı cinayət işi başlanıb
11 mart 2011 20:26 (UTC +04:00)

Yumurtanın qiymətinin süni şəkildə artırılması ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Respublikası Baş Prokurorluğu və İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətləri bazarda yumurtanın qiymətinin süni artımı ilə mübarizə tədbirlərinə dair birgə məlumat yayıb. Bu barədə APA Baş Prokurorluğun rəsmi saytına istinadən məlumat yayıb.

Məlumatda qeyd olunub ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən toyuq yumurtası bazarında yumurtanın istehsalı və satışının qanunauyğunluğu vəziyyəti araşdırılmış və yumurtanın pərakəndə satış qiymətlərinin hər on ədəd üçün 2010-cu ilin mart ayında 0,93 manat təşkil etdiyi halda, 2010-cu ilin dekabr ayınadək bu qiymətlərin tədricən 1,61 manata kimi artması müəyyən edilib. Bundan sonra, 2011-ci ilin fevral-mart aylarında toyuq yumurtasının pərakəndə satış qiymətlərində kəskin artım baş verib Fevral ayının 1-dən martın 3-dək olan müddət ərzində isə artım daha çox olub və on ədəd toyuq yumurtasının qiyməti 1,61 manatdan 2,28 manatadək artaraq 0,67 manat bahalaşıb.

Aparılan araşdırmalar göstərib ki, yumurta bazarında əsas paya malik olan şirkət və fərdi sahibkarlar məhsullarının qiymətlərini eyni vaxtda qaldırıblar. Nəticədə yumurtanın pərakəndə satış qiymətlərində də fevral-mart ayları ərzində 41,6% artım baş verib. Bununla da bu təsərrüfat subyektləri tərəfindən razılaşdırlmış hərəkətlərə (kartel sövdələşməsinə) yol verilməklə "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Resublikası Qanununun 8-ci və 10-cu maddələrinin tələbləri pozulub.

Toyuq yumurtası istehsalçıları razılaşdırılmış hərəkətlər əsasında qiymətləri eyni vaxtda bahalaşdırmaq hesabına istehlakçıların mənafeyinə zərər vurmaqla qanunsuz olaraq külli miqdarda üstəlik mənfəət əldə ediblər. Qeyd olunanlarla əlaqədar toyuq yumurtası bazarında aparılan araşdırmanın nəticələri ilə bağlı müvafiq material toplanaraq hüquqi qiymət verilməsi məqsədi ilə Baş Prokurorluğa göndərilib. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırma zamanı toplanmış materialda Cinayət Məcəlləsinin 199-cu (inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinin əlamətləri müəyyən edildiyindən faktla bağlı cinayət işi başlanıb.

Baş Prokurorluq və İqtisadi İnkişaf Nazirliyi bəyan edib ki, aidiyyatı dövlət orqanları bundan sonra da iqtisadi fəaliyyət sahəsində olan cinayətlərin, o cümlədən inhisarçılığın, istehlak bazarında digər məhsulların pərakəndə və topdansatış qiymətlərinin süni şəkildə artırılmasının qarşısının alınması, həmin halları doğuran səbəb və şəraitin müəyyən edilməklə aradan qaldırılması və bu sahədə üzərinə düşən vəzifələri dövlət tərəfindən göstərilən etimad səviyyəsində yerinə yetirmək istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 533

Oxşar yazılar