Şahidlər Arabula qarşı ifadə verdi
27 avqust 2009 11:00 (UTC +04:00)

Şahidlər Arabula qarşı ifadə verdi

Hüseyn Arabul digər şahidlərin də məhkəməyə gətirilməsini tələb edir

Dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunan “Barmek-Azərbaycan Elektrik Şəbəkəsi” MMC-nin rəhbəri Hüseyn Arabulun işi üzrə avqustun 27-də növbəti məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Hüseyn Arabulun geniş şəkildə ifadə verməsi nəzərdə tutulsa da, türkiyəli iş adamı bundan imtina edib. O, bunu sərhəddə saxlanılarkən iş başında olan sərhədçilərin prosesə gətirilməməsi ilə əlaqələndirib.

Daha sonra hadisənin iştirakçısı olmuş şahidlər ifadə veriblər. Əvvəlcə şahid qismində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı Samit Əzizovun ifadəsi dinlənilib. O qeyd edib ki, iyunun 2-də Qazax rayonu ilə sərhəddə, “Qırmızı körpü” adlanan ərazidəki Sərhəd Keçid Məntəqəsində Azərbaycan-Gürcüstan dövlət sərhədinin neytral hissəsində tanımadığı şəxs görüb. Həmin an (təxminən saat 15:00 radələrində) bu şəxsə yaxınlaşaraq ondan kim olduğunu, haradan gəlib haraya getdiyini soruşub. Hazırda Şəmkir Sərhəd Dəstəsində xidmət edən Əzizov hətta onun şəxsi sənədlərinə də baxdığını deyib: “Onun pasportuna baxanda bildim ki, Türkiyə vətəndaşı Hüseyn Arabuldur. Amma sənəddə onun Azərbaycandan çıxmasını təsdiq edən möhür yoxdur. Üstəlik, vizasının müddəti də bitib”.

Samit Əzizov ifadəsində Hüseyn Arabulu saxlayan zaman saçının qırmızı rəngdə olduğunu, əynində balıqçı libasına bənzər paltar geyindiyini təsdiqləyib. Onun sözlərinə görə, Hüseyn Arabulun sərhədi keçməsini müəyyənləşdirmək üçün xidməti otağa dəvət edilib. Burada ondan izahat alındıqdan sonra Dövlət Sərhəd Xidmətinə məxsus hərbi hissəyə aparılıb.

Türkiyə vətəndaşının Azərbaycan sərhədini qanunsuz keçmək cəhdlərinin şahidi olmuş Samit Əzizov məhkəmə prosesində ona ünvanlanan çoxsaylı sualları da cavablandırıb. O, hakimlərin, prokurorun və müdafiə tərəfinin suallarını cavablandırdıqdan sonra Hüseyn Arabul söz istəyib. “Barmek-Azərbaycan Elektrik Şəbəkəsi” MMC-nin rəhbəri Dövlət Sərhəd Xidmətinin zabitinin ibtidai istintaqa və məhkəməyə yalan ifadə verməkdə günahlandırıb. O qeyd edib ki, hadisənin necə baş verməsi, harada və necə dindirilməsi barədə geniş ifadəsini bütün şahidlər dindiriləndən sonra verəcək. Onun sözlərinə görə, bütün şahidlər prosesə gətirilməyincə, hadisənin təfərrüatları açılmayacaq və yalançı şahidlər prosesin düzgün istiqamətdə aparılmasını əngəlləyəcək.

Daha sonra Şəmkir Sərhəd Dəstəsinin zabiti Elçin Vəliyev də ifadə verib. O, qeyd edib ki, Hüseyn Arabul ona 30 min dolları rüşvət də təklif edib: “Arabul bu pulun müqabilində onun buraxılmasını istədi. Amma mən bu təklifi qəbul etmədim və onun nə istədiyi barədə komandanlığa məruzə etdim”.

Şahidin dediyinə görə, bundan sonra Hüseyn Arabuldan elə hərbi hissədəcə ifadə alınıb və bu zaman ona qarşı heç bir təzyiq üsullarından istifadə edilməyib.

Milliyyətcə azərbaycanlı olan Sürcüstan vətəndaşı, Arabulun sərhədi keçməsində taksi sürücüsü kimi ona dəstək olmuş Şennik Veysəlov da ifadə verib. Onun sözlərinə görə, Hüseyn Arabulla iyunun 2-də Sərhəd Keçid Məntəqəsində görüşüb. Həmin gün saat 05:00 radələrində “Qırmızı körpü”də bir nəfər ona yaxınlaşaraq, neytral zonanın Azərbaycan tərəfinə keçməyi xahiş edib: “Həmin adam mənə dedi ki, orada yaşlı bir kişi məni gözləyir. Şəxsi maşınımla ora yaxınlaşdım və gördüm ki, həqiqətən də həmin adam məni gözləyir. Dedi ki, bir az maşında dincəlim, razılaşdım. Səhər yeməyini də birlikdə avtomobildə etdik. Təxminən saat 12:00-dək mənim maşınımda istirahət etdi”.

Şennik Veysəlovun dediyinə görə, Hüseyn Arabul avtomobildə dincəldikdən sonra günortaüstü bir nəfərlə telefonla danışıb. Az sonra avtomobildə dincəlmək üçün şərait yaratdığına görə ona 70 dollar zəhməthaqqı verib. Bundan sonra sağollaşıb ayrılıblar və cənab Arabul piyada Azərbaycan tərəfə keçib.

Prosesin sonuna yaxın hakim Novruz Kərimov hərbi hissə komandiri, polkovnik-leytenant Arzu Hüseynovun məhkəməyə məktub göndərdiyini və xidməti işi ilə əlaqədar prosesdə iştirak edə bilməyəcəyini deyib. Ancaq hakimin bu arayışı müdafiə tərəfini hiddətləndirib. Hüseyn Arabul və onun nümayəndələri prosesdə adı keçən bütün şahidlərin ifadə verməsinin vacibliyini qeyd ediblər.

Xatırladaq ki, Hüseyn Arabul və Türkiyə vətəndaşı Ayhan Dönməz, Azərbaycan vətəndaşları - Mahir Lətifov, Elnur Hüseynov, Famil Quliyev, Ramal Ələkbərov sərhədi qanunsuz keçmə, rüşvət vermədə ittiham olunurlar. Bundan əvvəl “Barmek-Azərbaycan” şirkətinin sabiq prezidenti Hüseyn Arabul Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə 2007-ci ildə 1 milyon 370 min manat ödəməklə 5 il şərti cəzaya məhkum edilib. Məhkəmə həmçinin Arabulun bu müddət ərzində Azərbaycandan kənara çıxmaması barədə qərar verib. Lakin Hüseyn Arabul iyunun 3-də gecə saatlarında Şəmkir rayonu ərazisində Gürcüstanla sərhəddə, Alazan çayının kənarında Şəmkir Sərhəd Dəstəsinin sərhədçiləri tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Maddəsinin 318-ci maddəsi ilə (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz pozma) cinayət işi başlanıb.

Proses sabah digər şahidlərin ifadələri ilə davam etdiriləcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1211

Oxşar yazılar