Cinayətkar dəstələrin törətdiyi narkoqaçaqmalçılıq halları artır
03 fevral 2011 15:06 (UTC +04:00)

Cinayətkar dəstələrin törətdiyi narkoqaçaqmalçılıq halları artır

Dövlət Gömrük Komitəsində ötən ilin yekunları ilə bağlı kollegiya iclası və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş mərasim keçirilib. Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev deyib ki, Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra 1992-ci il yanvarın 30-da Dövlət Gömrük Komitəsi yaradılıb.

Hesabat məruzəsi ilə çıxış edən komitə sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirib ki, ötən il “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Qanuna uyğun olaraq, Komitə üçün proqnozlaşdırılmış 1 milyard 100 milyon manat əvəzinə 1 milyard 101,73 milyon manat vergi və rüsum toplanıb dövlət büdcəsinə köçürülüb. Hesabat dövründə həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 17 min 215 hüquqpozma faktı aşkar edilib. Onların 264-ü cinayət xarakterlidir. 2010-cu ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 147 fakt aşkar olunub və bu faktlar üzrə 319 kiloqram 98 qram narkotik vasitə tutulub. Aşkarlanan faktların təhlili son illər transmilli və mütəşəkkil cinayətkar dəstələr tərəfindən törədilən narkoqaçaqmalçılıq hallarının çoxaldığını göstərir. 2010-cu ildə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 mütəşəkkil cinayətkar dəstə və narkoqrup zərərsizləşdirilib.

Hesabat dövründə Astara Gömrük İdarəsinin, Biləsuvar Gömrük İdarəsinin “Biləsuvar” sərhəd-keçid məntəqəsinin və Tovuz Gömrük İdarəsinin “Sınıq körpü”, Balakən Gömrük İdarəsinin “Mazımçay”, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postlarının beynəlxalq standartlara uyğun yeni inzibati binalarının tikintisi başa çatdırılıb, müasir tipli inventar və avadanlıqla təchiz edilib. Hazırda Xudat sərhəd-keçid məntəqəsinin əsaslı tikintisi, eyni zamanda, Biləsuvar, Tovuz və Balakən rayonlarında gömrük terminalı və anbarların inşasına başlanılması üçün müvafiq tədbirlər həyata keçirilir.

DGK sədri Aydın Əliyev duran vəzifələrdən, görüləcək işlərdən söz açıb. Aydın Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın keçirdiyi geniş iclasdan irəli gələn məsələlərə toxunub, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, baş verə biləcək neqativ halların dərhal qarşısının alınması ilə bağlı konkret tapşırıqlarını verib.

Sonra komitənin 2011-ci il üçün iş planı təsdiq edilib, bir qrup gömrük əməkdaşına Ümumdünya Gömrük Təşkilatının sertifikatları, eləcə də komitə sədrinin müvafiq əmrinə əsasən fəxri fərmanlar, xüsusi rütbələr verilib.

Tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 899

Oxşar yazılar