Elbrus Xəlilovun həbsi ətrafında müəmmalar - ARAŞDIRMA
02 fevral 2011 17:29 (UTC +04:00)

Elbrus Xəlilovun həbsi ətrafında müəmmalar - ARAŞDIRMA

Fevralın 1-də Lent.az-a daxil olan və oxuculara təqdim olunan məlumatda 1984-cü il təvəllüdlü E.Xəlilovun Bakı şəhəri Binə hava limanında həbs olunduğu bildirilirdi. Belə ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsindən Lent.az-a verilən məlumatda deyilirdi ki, E.Xəlilov Moskva-Bakı reysi ilə Azərbaycan paytaxtına gələrkən hava limanındakı sərhəd zavtavasında müəyyən olunaraq, saxlanılıb. Yəni E.Xəlilov digər adi vətəndaşlar kimi bilet alaraq, təyyarədəki yerinə əyləşib və Azərbaycana gəlib.

Sərhəd zavtavasında sənədlər yoxlanılarkən komputer vasitəsi ilə E.Xəlilovun Bakı şəhər Sabunçu rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə axtarışda olduğu məlum olub. Dərhal E.Xəlilov saxlanılıb və əraziyə Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları çağırılıb. Öz növbəsində də Baş İdarə əməkdaşları E.Xəlilovu həbs edib və onu axtarışa verildiyi Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verib.

Hadisə ilə bağlı fevralın 2-də DİN-in rəsmi saytında yerləşdirilmiş məlumatda E. Xəlilovun Sumqayıt şəhər Polis İdarəsi və Baş Cinayət Axtarış İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyada tutularaq Azərbaycana gətirildiyi qeyd olunur.

Ziddiyyətin nədən ibarət olduğu da artıq burdan görünür.

Əvvəlcə Elbrus Xəlilovu tanıyaq: Elbrus Musa oğlu Xəlilov 1984-cü ildə Gürcüstan Respublikasında anadan olub. Gürcüstanda doğulmasına baxmayaraq, Azərbaycan vətəndaşı olub. Gürcüstan əsilli olan həmin şəxs Azərbaycanda yaşayıb, ordudan fərarilik edib, bir neçə il ərzində ağır cinayətlər törədib və Azərbaycan hüquq-mühafizə orqanları onu dövlətlərarası axtarışa verib.

Adıçəkilən şəxs 2010-cu il fevralın 20-də Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçisi Vüqar Balayevi öldürməkdə, atası İsmayıl Balayevi isə ağır yaralamaqda şübhəli bilinir. Bundan başqa o, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində Müdafiə Nazirliyinin əsgərini, habelə həmin qəsəbədə polis əməkdaşlarını öldürməkdə günahlandırılır. E. Xəlilov Tağıyev qəsəbəsində polis əməkdaşını qətlə yetirəndən sonra onların tabel silahını da özü ilə götürüb. Fevralın 20-də Sumqayıtda valyutadəyişmə məntəqəsinə basqında istifadə olunan tapançanın məhz həmin polis əməkdaşının tabel silahı olduğu sübuta yetirilib.

E. Xəlilovun Bakı şəhərində də bir sıra xüsusilə ağır cinayətlər törətdiyi, bir neçə valyutadəyişmə məntəqəsinə basqın edərək külli miqdarda pul apardığı qeyd olunur.

Bütün bunlardan əvvəl isə E.Xəlilov Sabunçu rayon Polis İdarəsi tərəfindən fərarilik maddəsi ilə axtarışa verilib.

Azərbaycanın hüquq-mühafizə orqanları həmçinin müəyyən edib ki, o saxta sənədlərlə ölkəni tərk edib və Rusiyanın Belqorod vilayətində gizlənib. Azərbaycanlı həmkarlarından aldıqları məlumat əsasında Belqorod vilayətinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları bir sıra tədbirlər həyata keçirərək, E.Xəlilovu saxlayıb. Saxlanılan zaman o çoban qiyafəsində olub və vilaytədə çobanlıq edirmiş. “Bel.ru” saytının məlumatına görə, 2010-cu ilin noyabr ayının 1-də həbs olunarkən E.Xəlilovdan Gürcüstan Respublikasına aid olan sənədlər çıxıb.

E.Xəlilovun Rusiyada tutulması məlumatını alan Azərbaycanın hüquq-mühafizə orqanları onun ölkəyə gətirilməsi istiqamətində işə başlayıb.

Azərbaycan Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı onun ölkəyə ekstradisiya edilməsi üçün artıq Rusiyaya ezam edilib.

2010-cu ilin dekabr atyının 14-də isə Rusiya hüquq-mühafizə orqanları millət vəkili İqbal Ağazadənin qohumunu öldürməkdə, həmçinin silsilə cinayətlər törətməkdə təqsirləndirilən Elbrus Xəlilovu Azərbaycana verməkdən imtina etməsi ilə bağlı məlumat yayıb. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib ki, E. Xəlilovu Azərbaycana gətirmək üçün Rusiyaya gedən Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat qrupu əliboş geri qayıdıb. Buna səbəb Azərbaycan əməliyyatçılarının E. Xəlilovun ekstradisiyası ilə bağlı lazım olan sənədləri qarşı tərəfə təqdim etməməsi göstərilir. Məhz bu üzdən Rusiya tərəfi E. Xəlilovu ölkəsinə etap etməkdən imtina edib.

Azərbaycana qayıdan DİN-in əməliyyat qrupu təqsirləndirilən şəxsin Azərbaycana ekstradisiya olunması üçün zəruri sənədləri toplamağa başlayıb.

Dərhal sonra, yəni elə həmin gün – dekabrın 14-də Baş Prokurorluğu E.Xəlilovun məsələsi ilə bağlı rəsmi məlumat yayır. Məlumatda deyilir: “Elbrus Xəlilovun Rusiya hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikasına verilməkdən imtina edilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Bununla əlaqədar bildiririk ki, qeyd edilən faktlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə Elbrus Xəlilovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, eyni zamanda barəsində axtarış elan olunmaqla həbs qətim imkan tədbiri seçilməsinə dair qərar qəbul edilib. Keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində E.Xəlilov Rusiya Federasiyasında tutulub və onun Azərbaycana ekstradisiyası ilə bağlı lazımi sənədlər bu ölkənin Baş Prokurorluğuna təqdim olunub. Hazırda Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən müvafiq araşdırmalar aparılmaqla təqsirləndirilən şəxs Elbrus Xəlilovun Azərbaycana ekstradisiya olunması istiqamətində zəruri tədbirlər davam etdirilir”.

Ziddiyyətli məqamlardan biri də burda üzə çıxır. Əgər Elbrus Xəliolov Rusiyada həbs olunubsa və ekstradisiyası istiqamətində iş aparılırsa, necə olur ki, onu Bakıda hava limanında tuturlar? Yox əgər onu Rusiya hüquq-mühafizə orqanları tutubsa, niyə Azərbaycana iki dövlət arasında bağlanmış müqaviləyə uyğun olaraq ekstradisiya olunmur - axı Daxili İşlər Nazirliyinin saytında yerləşdirilən rəsmi məlumatda 3 ay əvvəl “Rusiyada həbs olunan” şəxsin bu dəfə Azərbaycanın Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi (DİN BCAİ) və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən “tutularaq Azərbaycana gətirilməsi” bildirilir...

Yaxşı, əgər bu şəxs 2010-cu ilin noyabrında Rusiyada tutulmuşdusa, onu DİN BCAİ və Sumqayıt Pİ necə yenidən yaxalamağa müvəffəq olublar?

Suallar açıq qalır. Elbrus Xəlilovun törətdiyi əməllər, axtarışa verilməsi, Azərbaycandan çıxması, Rusiyada tutulması, bu ölkədən Azərbaycana ekstradisiya olunması və Azərbaycanda hava limanında tutulması ilə bağlı məlumatların ətrafında hələ də qeyri-müəyyənlik var. Bu qeyri müəyyənliyə nə Daxili İşlər Nazirliyi, nə də Baş Prokurorluqdan hələ də aydınlıq gətirilməyib.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 814

Oxşar yazılar