Azərbaycanda əcnəbi narkotacirlər tutulub
19 iyun 2009 13:00 (UTC +04:00)

Azərbaycanda əcnəbi narkotacirlər tutulub

Azərbaycan ərazisindən “ötürücü məntəqə” kimi istifadə etməyə cəhd göstərən qaçaqmalçılıqla məşğul olan bir neçə cinayətkar qrup zərərsizləşdirilib.

Bu barədə APA-ya Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Astara Gömrük İdarəsinin Sərnişin şöbəsinə İran İslam Respublikası istiqamətindən daxil olan Pakistan İslam Respublikası vətəndaşı Zada Amir Sher oğluna məxsus 2 ədəd çemodanın alt hissəsində, xüsusi qaydada gizlədilmiş ümumi çəkisi 7 kiloqram 040 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülüb.


İlkin təhqiqat zamanı Pakistan vətəndaşı Zada Amir Sher oğlunun izahatına əsasən, DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Saray qəsəbəsindən çıxan yolun Bakı-Sumqayıt şossesi ilə kəsişən hissəsində Rəhimova Çinarə Vaqif qızı çemodanları Zada Amir Sher oğlundan təhvil alaraq Rəhimova Gülnarə Vaqif qızının idarə etdiyi “Peugeot 206” markalı, 10 XS 206 dövlət nömrə nişanlı avtomaşına yerləşdirərkən saxlanılıb. Eyni zamanda, Rəhimova Çinarə Vaqif qızının izahatına əsasən, yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə qəsəbəsində yerləşən bağ evinə keçirilmiş baxış zamanı Ç. Rəhimovanın təqdim etdiyi 2 ədəd, üzərində “Bless” sözü əks olunmuş çemodanların içərisində gizlədilmiş 7 ədəd bağlamada çəkisi 6 kiloqram 990 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülüb.


Faktla bağlı DGK İstintaq İdarəsində mütəşəkkil dəstə tərəfindən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə faktına görə Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb. Pakistan vətəndaşı Zada Amir Sher oğlu, Azərbaycan vətəndaşları Rəhimova Çinarə Vaqif qızı və Rəhimova Gülnarə Vaqif qızı DGK İstintaq İdarəsi tərəfindən şübhəli şəxs qismində saxlanılmaqla barələrində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin (HNBGİ) əməkdaşları tərəfindən isə 6024 saylı “Bakı-Urumçi” aviareysinin sərnişini, Özbəkistan vətəndaşı Sayfilloeva Manzura Sayfilloevnanın əl yükünə keçirilmiş baxış zamanı çemodanın içərisində ümumi çəkisi 2026,131 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülüb. İlkin təhqiqat zamanı Sayfilloeva Manzura Sayfilloevnanın izahatına əsasən, DGK əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Özbəkistan vətəndaşı Khamaraeva Muyiba Muradovna və Pakistan vətəndaşı Hamid Ullah Baxbadşah saxlanılıb.


DGK İstintaq İdarəsində qabaqcadan əlbir olmaqla satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və gömrük nəzarətindən gizlətməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi faktına görə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb. İbtidai istintaq zamanı məlum olub ki, Özbəkistan Respublikası vətəndaşı Sayfilloeva Manzura Sayfilloevna həmyerlisi Khamaraeva Muyiba Muradovna və Pakistan İslam Respublikası vətəndaşı Hamid Ullah Baxbadşah ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Nizami” metrostansiyasının qarşısında istintaqa məlum olmayan Pakistan vətəndaşından satış məqsədilə 2026,131 qram çəkidə kustar üsulla hazırlanmış heroini qəbul edərək gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməyə cəhd göstərib. Özbəkistan vətəndaşları Sayfilloeva Manzura Sayfilloevna, Khamaraeva Muyiba Muradovna və Pakistan vətəndaşı Hamid Ullah Baxbadşah DGK İstintaq İdarəsi tərəfindən şübhəli şəxs qismində saxlanılmaqla barələrində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Astara Gömrük İdarəsinin Sərnişin-Nəqliyyat şöbəsinin gömrük yoxlama xəttində Azərbaycan vətəndaşı Moqbaliyev Seyfulla Eynulla oğlunun idarə etdiyi “DAF” markalı, 20 BU 543 dövlət nömrə nişanlı sərnişin avtobusuna keçirilmiş gömrük baxışı zamanı isə arxa baqajın, hava təmizləyici sisteminin borusunun içərisində, salonun, sipərin altında və avtobusun arxa hissəsində, çərçivəyə bağlanmış hava balonunun içərisində gizlədilmiş 20 ədəd bağlamada 22, 055 kiloqram həşiş qətranı və 12 ədəd bağlamada 12,155 kiloqram çəkidə tiryək aşkar edilərək götürülüb. Fakt üzrə DGK İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb.


İstintaqla müəyyən edilib ki, Moqbaliyev Seyfulla Eynulla oğlu satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və gömrük nəzarətindən gizlətməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmə barədə İran vətəndaşı Qulamrza Rəhman oğlu Ajori və şəxsiyyətləri istintaqla müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib. Q. Ajori əldə etdiyi 22, 055 kq həşiş qətranını və 12, 155 kq tiryəki İranın Astara şəhərində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə S. Moqbaliyevin idarə etdiyi “DAF” markalı avtobusa yerləşdirərək Bakı şəhərinə aparmağı tapşırıb, sonuncu isə narkotik vasitələri keçirərkən yaxalanıb. Həyata keçirilən istintaq əməliyyat tədbirləri nəticəsində İran vətəndaşı Qulamrza Rəhman oğlu Ajori respublika ərazisini tərk etmək istəyərkən gömrük əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Bakı şəhər Yasamal rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Hazırda mütəşəkkil cinayətkar dəstələrin digər üzvlərinin müəyyən olunması istiqamətində istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 813

Oxşar yazılar