Rail Rzayevin yaxın qohumunun həbsi rəsmən təsdiqləndi
18 iyun 2009 13:00 (UTC +04:00)

Rail Rzayevin yaxın qohumunun həbsi rəsmən təsdiqləndi

Azərbaycan müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin yaxın qohumu həbs edilib.

Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, Rail Rzayevin Hərbi Hava Qüvvələrində çalışan qohumu, polkovnik-leytenant Fuad Vasif oğlu Ağarzayev mayın 21-də generalın qətli ilə bağlı istintaqa ifadə vermək üçün dəvət edilib və elə həmin gün saxlanılıb. Məlumatda, həmçinin, F. Ağarzayevlə birgə Hərbi Hava Qüvvələrində çalışan daha bir neçə yüksək rütbəli hərbiçinin də saxlandığı bildirilir.

F. Ağarzayevin qohumları APA-ya açıqlamasında faktı təsdiqləyib. Onlar F. Ağarzayevin mayın 21-də həbs edildiyini bildirsələr də, onun nədə ittiham olunması barədə məlumatsız olduqlarını söyləyiblər. Hərbçinin yaxınları onun günahsız olduğunu iddia edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev də APA-ya açıqlamasında F. Ağarzayevin saxlanıldığını təsdiqləyib. T. Abdullayev F. Ağarzayevin saxlanması ilə bağlı hazırda araşdırma aparıldığını, tam təfərrüatlar müəyyənləşəndən sonra ətraflı məlumat veriləcəyini deyib.

Qeyd edək ki, F. Ağarzayevin həbs olunması barədə ilk dəfə “Azadlıq” qəzeti məlumat yayıb.

Xatırladaq ki, müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev fevralın 11-də, saat 07.30 radələrində Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədəki evindən 300-400 metr aralıda, İsmayıl bəy Qutqaşınlı küçəsindəki 172 saylı orta məktəbin yaxınlığında odlu silahdan açılan bir atəşlə qətlə yetirilib. Bu qətllə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən CM-in 120.2.5 (tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və toxumalarından istifadə etmə məqsədilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Hadisədən bir müddət sonra Rail Rzayevin köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyev həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1504

Oxşar yazılar