85 yaşlı alim vəfat edib
09 oktyabr 2010 19:03 (UTC +04:00)

85 yaşlı alim vəfat edib

Toğrul Şahtaxtinski 1925-ci il oktyabrın 22-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1943-cü ildən Azərbaycan Sənaye İnstitutunun kimya texnologiyası fakültəsində təhsil alıb. 1949-cu ildə ali təhsilini tamamlayan və kimyaçı-mühəndis ixtisasına yiyələnən Toğrul Şahtaxtinski həmin il Azərbaycanın Elmlər Akademiyasının Neft İnstitutunda aspiranturaya daxil olub.


Lent.az xəbər verir ki, əmək fəaliyyətinə 1949-cu ildən Elmlər Akademiyasının Neft İnstitutunda kiçik elmi işçi kimi başlayan Toğrul Şahtaxtinski 1954-cü ildə həmin institutun elmi katibi vəzifəsinə təyin olunub. 1962-1974-cü illərdə Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışıb.


Toğrul Şahtaxtinski 1975-ci ildən Elmlər Akademiyası Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun direktoru və oksidləşmə prosesləri laboratoriyasının müdiri olub, 1990-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Kimya Elmləri Bölməsinə rəhbərlik edib. O, 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Kimya Problemləri İnstitutunun direktoru seçilib və ömrünün sonunadək bu vəzifəni icra edib.

Toğrul Şahtaxtinski 600-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifidir. O, elmi nailiyyətlərinə görə 141 patent və müəlliflik şəhadətnaməsinə layiq görülüb. Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar