Kiçik yaşlarında zorlanan yeniyetmə qızın dəhşətli həyat hekayəsi
30 sentyabr 2010 13:04 (UTC +04:00)

Kiçik yaşlarında zorlanan yeniyetmə qızın dəhşətli həyat hekayəsi

“Səbail rayonunda Hacı Məmmədovun da dəstəsindən təhlükəli, onu kölgədə belə qoyacaq bir cinayətkar dəstəni ifşa etmişik”.


Lent.az-ın verdiyi məlumata görə, bunu Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova söyləyib.

Daxili İşlər Nazirliyi, UNİCEF, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, ATƏT-in Bakı Ofisi, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Azərbaycanda yuvenal ədliyyə sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı həyata keçirən Ümidli Gələcək Gənclər Təşkilatının bu gün keçirdiyi tədbirdə çıxış edən Xalidə Bayramova deyib ki, hazırda 16 yaşı olan Sevda adlı qızla bağlı açılmış cinayət işi ilə Səbail RİH-in və şəxsən özünün maraqlanması bu dəstənin ifşasına səbəb olub.


Onun sözlərinə görə, 5 il əvvəl Sevdanın ata və anası boşanıb. Ata başqası, ana da başqa biri ilə ailə qurub. Atanın ailə qurduğu xanım, ögey ana Sevdanı incidib. O da bibisinin yanına gəlib, burada yaşamağa başlayıb. Ancaq günün birində bibinin məşuqu onu zorlayıb və Sevda evdən qaçıb.


Dənizkənarı Bulvarda Sevda ilə Əli adlı bir nəfər tanış olub. Əli Sevdanın kimsəsiz, eyni zamanda gözəl bir qız olduğunu görüb. Onun ürəyini ələ almaq üçün evinə gətirib və arvadına deyib ki, Sevdanı övladlığa götürüb. Ancaq bu övladlıq əslində saxta olub. Qısa müddət sonra Əli Sevdanı özü ilə cinsi əlaqədə olmağa sövq edib. Bundan sonra isə Sevdanı narkotik qəbul etməyə, barlarda müxtəlif imkanlı şəxslərlə tanış olmağa, onlarla pulla cinsi əlaqədə olmağa məcbur edib.


Bu həyatı yaşamağa başlayan Sevda Türkiyə vətəndaşı olan gənclə tanış olandan sonra həyatını dəyişməyə qərar verir. Bu şəxslə ailə qurmaq ərəfəsində Əli ona bildirir ki, ya həmin türkün pullarını evdən oğurlayıb gətirməlidir, ya da türk öldürüləcək, qızın özü isə cəzalandırılacaq. Sevda ağlaya-ağlaya evdən pulu götürüb qaçır, Əliyə verir. Əli də o pulla özünə bahalı avtomobil alır.


Sevda uzağa gedə bilmir, az sonra polislər saxlayır. O da cinayəti etiraf edir. Ancaq bu işi təkbaşına törətdiyini bildirir. Xalidə Bayramova işi aparan müstəntiqlə söhbət zamanı bundan xəbər tutur və işlə ciddi maraqlanmağa başlayır. Qızla söhbətdən, araşdırmalardan sonra cinayəti Əlinin sifarişilə törətdiyi öyrənilir. O da məlum olur ki, Əli və onun bir qrup qohumu Sevda kimi bir çox qızı narkomaniya və fahişəliyə cəlb etməklə pul qazanmaqla məşğuldurlar. Əli hazırda axtarışdadır.



Məhkəmə prosesində Sevdanın müdafiəsi təşkil olunur və haqqında 8 il azadlıqdan mərhuetmə cəzası istənilən bu qız bəraət alır. Sevda işlə təmin olunur, normal həyata qayıtmağa başlayır: “Bu gün də Sevda nəzarətimizdədir. Onu da deyim ki, bir müddət sonra eşitdik ki, prokuror protest verib. Ondan soruşdum ki, axı bu qızdan nə istəyirsən, nəyi var axı bunun? Görmürsən ki, cinayətə sövq edilib? Daha sonra baş prokurora müraciət etdim. Çox sağ olsun. Dərhal məsələyə müdaxilə etdi”.



Xalidə Bayramova onu da bildirib ki, rayonlardakı internatlardan birinin rəhbərinin də kimsəsiz qızlara qarşı nalayiq hərəkətlər etdiyini öyrənib. Ona deyilib ki, həmin internat rəhbəri vəzifəli şəxsin qohumudur, ondan uzaq durmaq lazımdır: “Mən də dedim ki, həmin vəzifəli şəxs eşitsə ki, internat rəhbəri elə işlə məşğuldur, qızların başına oyun açır, özü onu asar...”.


Xalidə Bayramova çıxışının sonunda Azərbaycanda ayrıca yuvenal məhkəmələrin yaradılmasının, uşaqların hüquqlarını müdafiə edən vəkillərin olmasını, polis şöbələrində uşaqlara xüsusi diqqətlə yanaşılmasını zəruri sayıb.


Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3553

Oxşar yazılar