İran-Türkiyə qaz kəmərini kürd terrorçuları partladıb
22 iyul 2010 14:00 (UTC +04:00)

İran-Türkiyə qaz kəmərini kürd terrorçuları partladıb

Bir zamanlar Tehranın bəslədiyi kürd terrorçuları indi İslam Respublikasına da əngəl olmağa başlayıb. Ümumiyyətlə, mütəxəssislər bildirir ki, terrorçuluğu dəstəkləyən istənilən ölkə perspektivdə bu cinayətin “bumeranq təsirinə” tuş gəlir.

İran hakimiyyətinin təmsilçisi bildirib ki, Ankaranın istəyi əsasında kəmərdə yaranmış texniki problem ucbatından Türkiyəyə təbii qazın verilməsi dayandırılıb.

Lent.az-ın “Reuters”ə istinadən məlumatına görə, Türkiyənin İranla sərhədi yaxınlığında iki ölkə arasındakı qaz kəmərində partlayış baş verib.

Qeyd edək ki, bu ilin martından hər gün İslam Respublikasından Türkiyəyə 23 milyon kubmetr “mavi yanacaq” ixrac edilir.

“Kol İsrail”in məlumatına əsasən, Türkiyənin Doğubəyazit rayonu yaxınlığında baş vermiş partlayışda kürd terrorçuların əli olduğu istisna olunmur.

Rəsmi Ankara baş vermiş olayın səbəbi ilə bağlı hələlik açıqlama verməyib. Bununla belə, ölkədə çıxan “Zaman” qəzeti bildirib ki, Türkiyənin təhlükəsizlik qüvvələri partlayışla bağlı məsuliyyəti terrorçu PKK-nın daşıdığını bəyan edib.

Sədrəddin Soltan

İranın neft tankerlərini limanlar qəbul etmir

İrana qarşı sanksiyaların səmərə verdiyini iddia edənlər də var. Heç şübhəsiz, bu yasaqların daha təsirli olması üçün qətnamələrin icrasına nəzarətin gücləndirilməsi əsas şərtlərdən sayılır.

İslam Respublikası dünyanın ən iri xam neft ixracatçısıdır. Bununla belə, bu ölkə bir çox neft məhsullarını, o cümlədən benzini də idxal edir. Başqa sözlə, İranda emal olunan benzin daxili bazarın tələbini ödəyə bilmir. Rəsmi məlumata görə, ölkədə hazırda 62 milyon litr benzin yandırılır, bunun isə 45 milyonu ölkədə istehsal edilir.

Bir müddət öncə “İSNA” -ın yaydığı məlumatda bildirilirdi ki, ötən bir il (2009-cu ilin martından 2010-cu ilin martınadək olan dövr) ərzində İrana 4,5 milyard dollarlıq benzin idxal olunub. Ötən illə müqayisədə idxalat 67 faiz artıb.

ABŞ prezidenti Barak Obama ilə Britaniyanın baş naziri Devid Kameron arasında Vaşinqtonda keçirilən görüşdə də İranın nüvə proqramına dair məsələ müzakirə olunub.

Obama və Kameron Tehranın atom planı ilə əlaqədar yaranmış problemin dinc yolla aradan qaldırılması yollarını aramağa hələ vaxt olduğunu bildirərək, əlavə ediblər ki, yasaqların təsirini artırmağa çalışacaqlar.

D.Kameron nüvə proqramı ilə bağlı İran hakimiyyətini danışıqlara çağırıb. İngiltərə lideri qeyd edib ki, Qərb dövlətləri danışıqlar aparmağa hazırdır, ancaq əks tərəf uyğun addım atmayacağı halda BMT Təhlükəsizlik Şurasının 4-cü qətnaməsinin (sonuncu) yerinə yetirilməsinə, eləcə də Avropa Birliyinin yeni sanksiya paketini qəbul etməsinə nail olmağa çalışacaqlar. Yeri gəlmişkən, bu gün AB-nin yeni sanksiyalarla bağlı sənədi qəbul edəcəyi gözlənilir.

“The Washington Post”-un məlumatında bildirilib ki, BMT TŞ-nın məlum sanksiyasından sonra İrana dəniz vasitəsi ilə çeşidli məhsulların daşınması azalıb. Bir çox sığorta şirkətləri İslam Respublikasına göndərilən yükləri sığortalamaqdan imtina edir.

“Lia” adlı benzin tankeri cari ilin iyulunda Türkiyənin İzmit limanından yanacaq götürmək üçün İran Neft Nazirliyi tərəfindən icarəyə götürülüb. Ancaq sanksiyadan sonra gəmi yanacaq daşımaqdan imtina edib. Liberiyanın bayrağı altında üzən “Lia” Türkiyənin “Tupras” neftayırma zavodundan İslam Respublikasına neft məhsulları daşıyıb. Gəminin yiyəsi, Hollandiyanın “Pintail B.V” şirkəti gəminin kapitanına İran sahillərinə benzin daşımağı yasaqlayıb.

Məsələdə adı çəkilən bütün şirkətlərin təmsilçiləri açıqlama verməyib. “Tupras”-ın nümayəndəsi isə bildirib ki, yüklərin qorunması ilə bağlı İran təminat vermədyindən onlarla əməkdaşlıq günü-gündən çətinləşir.

Xatırladaq ki, “Lloyds” sığorta şirkəti İrana göndərilən benzinin sığortalanmasını dayandırıb. Təhlillərə əsasən, başqa sığorta qurumları da oxşar addım atacaq.

İranın uyğun sahə üzrə məsullarından biri, “Sea Pars”-ın direktoru Məhəmməd Runahi deyib: “İran bayrağı altında üzən gəmilər dünyanın bütün sularında sığortalanmadıqlarına görə problemlə üzləşir. Limanların çoxu dəyə biləcək ziyan sığortalanmadığından gəmilərimizi qəbul etmir”.

Bundan isə daha çox neft məhsullarının, sənaye avadanlığının daşınmasına ziyan dəyib. Dünya limanları sığortalanmayan İran yüklərini daşımaqdan imtina edir.

İran hakimiyyəti gəmi sahiblərini əmin etmək üçün bir milyard dollarlıq sığorta fondu yaradacağını bildirsə də sahibkarlar bu məbləğin yetərli olmadığını bildirib. Niderlandın sığorta şirkətinin təmsilçisi deyib ki, ABŞ-ın gəzinti (kruiz) gəmisinin Honkonqda neft tankeri ilə toqquşmasının xərcini bu məbləğlə ödəmək mümkün deyil.

Mütəxəssislərin hesablamasına əsasən, Mahmud Əhmədinijatın prezidentliyinin birinci ilində ölkədə idxal mallarına tələbat 50 faiz artıb. Belə bir vəziyyətdə idxalın kəskin azaldılması isə İslam Respublikasının iqtisadiyyatına zərbə endirəcək.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498

Oxşar yazılar