“Kapital Bank”ın vəsaitini mənimsəyənlərin apelyasiya şikayəti təmin olunmadı
12 iyul 2010 12:15 (UTC +04:00)

“Kapital Bank”ın vəsaitini mənimsəyənlərin apelyasiya şikayəti təmin olunmadı

Gəncə Apelyasiya Məhkəməsində “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının barəsində olan hökmdən verilən apelyasiya şikayətinə baxılıb. Lent.az-ın məlumatına görə, hakim Çingiz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 30 mart tarixli hökmü ilə bankın mühasibi Şahin Əliyev 10 il, bank filialının əməkdaşları - Rasim Nağıyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər, Nisə Bayramovaya 3 il şərti cəza verilib. Mənzər Paşayeva və Arif Hümbətovun hər biri məhkəmənin hökmü ilə 1000 manat məbləğində cərimələniblər.

Xatırladaq ki, təqsirləndirilən şəxslərdən Ş. Əliyev və R. Nağıyev apelyasiya şikayəti veriblər.

İttihama görə, Ş. Əliyev “Kapital Bank” ASC-nin Şəmkir filialının baş mühasibi vəzifəsində çalışarkən adıçəkilən şəxslərlə əlbir olaraq 2007-ci il sentyabrından 2009-cu il aprelinədək olan müddət ərzində öz qulluq mövqeyindən istifadə ediblər. Belə ki, filialda fəaliyyətdə olan “Wester Union”, “Privatmoney”, “Miqom”, “Kontakt” və “Blizko” sürətli pul köçürmələri sistemləri adı ilə müxtəlif şəxslərin adlarına kassa məxaric orderləri yazıb imzalayaraq bankın xəzinəsindən banka məxsus 417 550 ABŞ dolları məbləğində vəsaiti mənimsəyiblər.

Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və 314-cü (səhlənkarlıq) maddələri ilə ittiham olunublar.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447

Oxşar yazılar