Moskvada tutulan narkobaron Azərbaycana ekstradisiya edilib
10 iyun 2010 16:45 (UTC +04:00)

Moskvada tutulan narkobaron Azərbaycana ekstradisiya edilib

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində «İran-Azərbaycan» marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan şəxslərin yaxalanması və onlardan 90 kiloqrama yaxın narkotik vasitənin götürülməsi barədə Milli Təhlükəsizlik Nazirliyi İctimai Əlaqələr Mərkəzinin 15 dekabr 2008-ci il tarixdə məlumatı açıqlanıb.



MTN ictimai əlaqələr mərkəzindən Lent.az-a bildirilib ki, həmin məlumatda 2008-ci il dekabrın 11-də İran vətəndaşı Qulizade İlxıcısofla Əhməd Əbülqasım, Azərbaycan vətəndaşları - Rahib Zeynalov, İlham Mirzəyev, Ağaşükür İbişov, Nadir Çıqqarov və qeyrilərinin qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib külli miqdarda pul müqabilində sövdələşərək satış məqsədi ilə qanunsuz olaraq əldə edilmiş 90 kiloqrama yaxın narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaq yolla İrandan Azərbaycanın Cəlilabad rayonunun Gülməmmədli kəndinə gətirdikləri, buradan isə Biləsuvar rayonu Ağalıkənd kəndinin ərazisində gizlətdikləri bildirilib.


MTN əməkdaşlarının həyata keçirdikləri çevik əməliyyat tədbirləri nəticəsində 2008-ci il dekabrın 12-də mütəşəkkil dəstənin adları çəkilən üzvləri saxlanılıb və onlardan - 82 kiloqram 500 qrama yaxın həşiş, 5 kiloqramdan artıq heroin və təxminən 2 kiloqram tiryək aşkarlanıb.



Faktla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən tam, hərtərəfli və obyektiv ibtidai istintaq aparılaraq başa çatdırılıb və cinayət işi məhkəmə baxışı üçün təqdim olunub. Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29 dekabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və digər maddələrlə mütəşəkkil dəstənin üzvləri təqsirli bilinərək müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.

Cinayətin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilib.


İstintaqın gedişində mütəşəkkil dəstənin üzvü olduğu, satış məqsədilə qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə keçirilmiş külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə etmək və satmaq vəzifələrini yerinə yetirdiyi müəyyənləşdirilmiş Azərbaycan Respublikasının vətəndaşı Səfər Abdullayevin 10 iyun 2009-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul edilib.


Lakin Səfər Abdullayevin 21 fevral 2009-cu il tarixdə Azərbaycan Respublikasından kənara, yəni İran İslam Respublikasına və oradan da Rusiya Federasiyasının Moskva şəhərinə gedərək gizləndiyi müəyyən edildiyi üçün onun barəsində həbs-qətimkan tədbiri seçilməklə axtarışı elan olunub. 2010-cu il mayın 1-də təqsirləndirilən şəxs Səfər Abdullayev Rusiya Federasiyasının Moskva şəhərində saxlanılıb və iyunun 8-də Azərbaycan Respublikasına ekstradisiya edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 515

Oxşar yazılar