Vətəndaşların əmlakını ələ keçirən mütəşəkkil dəstə ifşa olundu
08 iyun 2010 19:00 (UTC +04:00)

Vətəndaşların əmlakını ələ keçirən mütəşəkkil dəstə ifşa olundu

“Satılan və istehsal olunan məhsulların keyfiyyətinə nəzarət mərkəzi” dələduzluqla məşğul imiş


Azərbaycan Respublika Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyinin birgə həyata keçirdikləri tədbirlər nəticəsində Hüseyn Səfərovun təşkilatçılığı ilə “Satılan və istehsal olunan məhsulların keyfiyyətinə nəzarət mərkəzi” adı altında aldatma yolu ilə vətəndaşların əmlakını ələ keçirən mütəşəkkil dəstənin üzvləri ifşa edilib.


Respublika Prokurorluğunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü və 310-cu maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq zamanı müəyyən edilib ki, Hüseyn Səfərov 2005-ci ilin dekabr ayında Bakı şəhərində "Satılan və istehsal olunan məhsulların keyfiyyətinə nəzarət mərkəzi" adlı qurum yaradıb.


Qurum Ədliyyə Nazirliyində müvafiq qaydada dövlət qeydiyyatından keçirilmədən Alim Bəylərbəyov, Müsavət Məmmədov, Natiq Məmmədli, Rizvan Əliyev, Xudaverdi Abbasov, Cəlal Teymurov, Taleh Abbasov, Nofəl Əliyev və Müslüm Qasımov adlı şəxslər mərkəzə üzv kimi qəbul edilib. H. Səfərov aralarında iş və ərazi bölgüsü müəyyən edilən, peşəkarlardan ibarət olan mütəşəkkil dəstənin hər bir üzvünə öz imzası və möhürü ilə təsdiq etdiyi “vəsiqə” və “mandat” verib. 2006-2009-cu illərdə Bakı şəhərində və respublikanın ayrı-ayrı rayonlarında ticarət, iaşə obyektlərində və apteklərdə satılan, istehsal olunan məhsulların keyfiyyətinə nəzarət etmək adı ilə həmin şəxslər qrup şəklində ayrı-ayrı rayonlara göndərilib. Bu şəxslər özlərini vəzifəli şəxs kimi təqdim etməklə qanunsuz yoxlamalar aparıb, həmin obyektlərin sahiblərindən xeyli miqdarda pul almaqla onların əmlakını ələ keçiriblər.


Törətdikləri cinayət əməllərinə görə qeyd olunan şəxslər mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda, təkrar dələduzluğa və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməyə görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 178.3.1-ci və 310-cu maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər. Hüseyn Səfərov, Müsavət Məmmədov, Alim Bəylərbəyov barəsində həbs, qeyriləri barəsində isə digər qətimkan tədbirləri seçilib. İstintaq tamamlanmaqla cinayət işi baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilib.


Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi həmçinin "Azərenerji" ASC ilə birgə apardığı araşdırma zamanı müəyyən edib ki, Afiq Məmmədov “Gəncə Tekstil” ASC-də baş mexanik-energetik vəzifəsində işləyərkən “Azərenerji” ASC-nin "Gəncəregionalenerjitəchizat" MMC-nin Gəncə şəhər elektrik şəbəkəsinin rejim üzrə mühəndisi vəzifəsində işləyən Maarif Mehdiyev və fiziki şəxs Fazil Nağıyevlə cinayət əlaqəsinə girib. O, işlədiyi müəssisənin uçotdan kənar elektrik enerjisinin verilməsini və ödənişsiz istifadəni təmin etməsi məqsədilə 2009-cu ilin yanvar ayında elektrik enerjisindən istifadə olunduğu halda sayğacı dayandıran qurğunu düzəltməyi və sayğaca quraşdırmağı F. Nağıyevə sifariş edib. Bundan sonra A. Məmmədov F. Nağıyevlə birlikdə “Toxucu” yarımstansiyasına gələrək “Gəncə Tekstil” ASC-ni elektrik enerjisi ilə qidalandıran kabel xətti üzərində olan “Enerqomer” markalı 2 sayğaca elektrik enerjisindən istifadə olunduğu halda sayğacı dayandıran, məsafədən pultla idarə olunan qurğu quraşdırılmasını təşkil edib. Sayğacların dayandırılması nəticəsində 2009-cu ilin yanvar-avqust ayları ərzində “Gəncə-Tekstil” ASC tərəfindən uçotdan kənar 139 min 110 manat dəyərində 2.318.504 kVt/saat elektrik enerjisi sərf olunub, “Azərenerji” ASC-yə ağır nəticələrə səbəb olan külli miqdarda ziyan vurulub.


Törətdikləri cinayət əməllərinə görə A. Məmmədov və M. Mehdiyev Cinayət Məcəlləsinin 308.2-ci, F. Nağıyev isə 189-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib və cinayət işi tamamlanaraq baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 493

Oxşar yazılar