Ukrayna DİN-in əməliyyat qrupu Azərbaycana gəlir
30 avqust 2010 19:46 (UTC +04:00)

Ukrayna DİN-in əməliyyat qrupu Azərbaycana gəlir

Ukrayna Daxili İşlər Nazirliyinin əməliyyat qrupunun gələn həftə Azərbaycana səfəri planlaşdırılır. Bu barədə APA-ya eksklüziv açıqlamasında Ukrayna Daxili İşlər Nazirliyi Kibercinayətkarlıq və İnsan Alveri ilə Mübarizə Departamentinin rəisi Yuri Kuçer bildirib. Onun sözlərinə görə, Azərbaycana gəlməsi nəzərdə tutulan əməliyyat qrupu 3-4 gün ölkədə qalacaq və yerli hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparacaq: “Araşdırmalar Azərbaycan tərəfinin yaratdığı imkanlar daxilində həyata keçiriləcək. Hazırda hüquqi yardım göstərilməsi üzrə sənədlərin hazırlanması istiqamətində iş aparırıq. Bu barədə ətraflı açıqlama vermək hələ tezdir”.


Y. Kuçer “Qara transplantasiya” ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanları ilə Ukrayna Daxili İşlər Nazirliyinin əməkdaşlığına da toxunub: “Azərbaycanın hüquq-mühafizə orqanları ilə münasibətlər qarşılıqlı anlayış və dəstək üzərində davam edir. “Qara transplantasiya” ilə bağlı birgə araşdırma aparılması məsələsi bu gün iki ölkənin daxili işlər nazirlərinin müavinləri arasında baş tutmuş telefon danışığı zamanı müzakirə olunub. Tərəflər cinayətkarlığın qarşısının alınması istiqamətində lazımi tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparıblar”.


Y. Kuçer, həmçinin onun adından mətbuatda tam həqiqətə uyğun olmayan məlumatların yayıldığını qeyd edib: “Mənə bildiriblər ki, mətbuatda mənim adımdan guya Ukrayna tərəfinin orqan mafiyası ilə bağlı Azərbaycan tərəfi ilə əməkdaşlıqdan narazı olduğumu əks etdirən məlumatlar yayılıb. Lakin bu belə deyil. Çünki Azərbaycanla bizim aramızda hələlik hər hansı iş aparılmayıb”.



Y. Kuçer “Qara transplantasiya”ların Azərbaycanın hansı klinikalarında həyata keçirilməsi barədə sualı da cavablandırıb: “Hazırda məlum hadisələrdə Azərbaycanın bir klinikasının adı hallanır. Azərbaycan hüquq-mühafizə orqanları aparılan araşdırmaların sonunda istəsə onun adını açıqlaya bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516

Oxşar yazılar