Müstəqilliyimizin bərpasından 21 il ötdü
18 oktyabr 2012 09:17 (UTC +04:00)

Müstəqilliyimizin bərpasından 21 il ötdü

Bu gün Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul olunduğu gündür. Düz 21 il əvvəl Azərbaycan yenidən istiqlaliyyətə qovuşub.

XX yüzilliyin sonlarında Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.

Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.

Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: “Siz “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?”. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun , sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.

1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlal, suveren bir ölkədir və xalq bunu bir bayram kimi qeyd edir.

Bayramınız mübarək!!!
# 1912

Oxşar yazılar