Dünyada 16 mindən çox çayda suda həll olmuş oksigenin səviyyəsi azalır. Bu isə sualtı həyat üçün həyati əhəmiyyət daşıyan əsas resurslardan biridir.
Təsəvvür edin ki, insanlara tədricən təmiz havaya çıxış məhdudlaşdırılır. Qorxulu səslənir, elə deyilmi? Hazırda sualtı aləmin canlıları məhz belə yavaş, amma qaçılmaz bir proses yaşayır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, yeni genişmiqyaslı araşdırmaya görə, planetdəki çayların təxminən 80 faizində həyati vacib oksigen səviyyəsi azalıb.
Alimlərin apardığı araşdırmanın nəticəsi ürəkaçan olmayıb: dünya çayları hər onillikdə orta hesabla hər litr su üçün 0,045 milliqram həll olmuş oksigen itirir.
Oksigen çaylara atmosferdən və sualtı bitkilərin, fitoplanktonun həyata keçirdiyi fotosintez nəticəsində daxil olur.
Alimlər müəyyən ediblər ki, çaylardakı qlobal deoksigenasiyanın 63 faizi insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişiklikləri ilə bağlıdır.
Daha isti su kifayət qədər oksigen saxlaya bilmir.
Əvvəllər alimlər ən böyük problemlərin şimal çaylarında yaranacağını düşünürdülər, çünki yüksək enliklər daha sürətlə isinirdi. Amma ən ağır vəziyyət tropik çaylarda müşahidə olunub.
Çünki bu çaylar əvvəldən isti olduğundan onların oksigen ehtiyatı da az idi. İndi isə onlar hipoksiya - həyatla uyğun olmayan oksigen çatışmazlığı - həddinə yaxınlaşıblar.
Oksigen səviyyəsi kritik həddən aşağı düşəndə zəncirvari proses başlayır: balıqlar kütləvi şəkildə ölür. Ölü orqanik maddələr parçalandıqca daha çox oksigen sərf olunur və çay sürətlə “ölü zonaya” çevrilir.
Əgər bəşəriyyət təcili şəkildə fosil yanacaq emissiyalarını azaltmasa və çayların tullantılarla çirklənməsini dayandırmasa, yaxın onilliklərdə sahillərdə tonlarla ölü balıq görünməsi bütöv qitələr üçün adi mənzərəyə çevrilə bilər.