Hər şey bir andan başlayır: saniyələr dəqiqələri, dəqiqələr saatı, günü, həftəni, ayı, ili tamamlamaqla… zaman durmadan axır.
İlk dəfə kimin ağlına gəldi ki, zaman axınını ölçsün? Niyə 12 ay, 7 günlük həftə, 24 saatlıq gün? İlk dəfə kim və hansı ölçü vahidi ilə Yerin öz oxu ətrafında dövr etməsini 24 saatla müəyyənləşdirdi?
Xüsusi təmtəraqla qarşıladığımız Yeni ilin ilk günündə bu suallarsız keçirmək olmur. Yeri gəlmişkən, Yeni ili niyə belə təmtəraqla qarşılamalıyıq?
Şumerlər və 12-lik
Təqvimdə 12 rəqəmi xüsusi mahiyyət daşıyır: illəri də 12-yə sığdırırlar, heyvan adları ilə adlandırılan dövr 12-dən ibarətdir; aylar – 12, gün - 12, gecə - 12.
İlk dəfə bu sistemin Şumerlərdə yarandığını ehtimal edilir. E.ə. 2780-ci ildə Misir bu sistemlə ilk təqvimi yaradıb. Ancaq Şumerlərin ay (qəmər) təqvimindən fərqli olaraq, günəş (şəms) təqvimi əsas götürülüb.
Qədim misirlilər ilin başlanğıcını da dəyişdilər; əgər Şumerlər şiddətli küləklərin başlanması ilə yeni ilə qədəm qoyurdularsa, misirlilər Nilin daşmasını əsas götürdülər.
Müxtəlif xalqlarda, o cümlədən türklərdə (azərbaycanlılarda) təbiətin – torpağın oyanışı, gecə ilə gündüzün bərabərləşməsi və gecənin (qaranlığın) ömrünün qısalmağa doğru getməsi ilə gündüzün (işığın) böyüməsi, Xeyirin Şər üzərində qələbəsi Yeni ilin başlanğıcı kimi qəbul olunurdu.
Müasir günəş təqviminin əsasında duran Roma təqvimində də ilin başlanğıcı martdan götürülürdü, ancaq 10 aydan ibarət idi və beləliklə, ciddi çətinlik və qarışıqlıq yaranırdı.
Yuli Sezarın ilk islahatı
Bu qarışıqlığı həll etmək üçün ilk dəfə Yuli Sezar e.ə. 46-cı ildə Misirdən astronom Sosiginesə dəqiq təqvim hazırlamağı tapşırır. Yerin Günəş ətrafında 365 gün 6 saat (5 saat 48 dəqiqə 46 saniyə) dövr etməsini bildirən Sosigines 12 ay təklif edir. Ancaq 365 12-yə bölünmədiyindən Sezar qərar verir: təqvimə iki ay əlavə olunsun, aylar bir-birini əvəz etməklə 31 və 30 günlərə bölünsün və ilin son ayından bir gün çıxılsın; hər 4 ildən bir (6 saatlar toplanıb 24 saat olduqda) ilin sonuncu ayı da 30 günlə hesablansın.
Beləliklə, mart ayından başlayan təqvimin 10-cu – dekabr ayından sonra yanvar və fevral ayları əlavə olunur: fevral - ilin son ayı kimi 3 il 29, 4-cü il isə 30 gün olaraq götürülür.
Ayların adları
Sezara qədər ilk ay mart idi. Mart (martius) – yenilik müharibəsi, «Mars»ın şərəfinə adlandırılıb; aprel (aprilis) – yunan gözəllik ilahəsi Afroditanın; may (maius) – fransızların yaz ilahəsi olan Maia; iyun (junius) - Romanın panteon ilahəsi Junosun adıyla adlandırılıb.
Quentilisdən başlayaraq dekabra qədər ayların adı sıra sayı ilə bağlıdır: quien-tilis – 5-ci, sexstilis – 6-cı, september (sentyabr) – 7-ci, oktober (oktyabr) - 8-ci, november (noyabr) – 9-cu, dekamber (dekabr) – 10-cu ay.
Daha sonra Sezar 2 ay əlavə edir, ancaq ilin başlanğıcını əlavə etdiyi aylardan birincisinə keçirməsinə baxmayaraq, sıralanma ilə adlanmanı saxlamağa qərar verir. Beləliklə, yanvar – Romanın başlanğıc, zaman tanrısı Yanusdan (bu tanrı ikisifətli təsvir olunurdu: bir üzü irəli, gələcəyə, digər üzü geriyə, keçmişə baxırdı), fevral isə – Romanın yaxınlığında yerləşən Sabina mədəniyyətindən (febriarius) adını götürür.
Oktavian Avqust fevralı necə yedi
Yuli Sezar öz şərəfinə doğulduğu quientilis ayının iyul adlanmasına də qərar verir (bəzi tarixi bilgilərə görə, Sezarın ölümündən sonra xalq özü onun doğulduğu ayı Yulinin adı ilə adlandırmağa başlayıb).
Sezardan sonra hakimiyyətə gələn Oktavian Avqust Yulinin şərəfinə adlandırılan iyuldan sonrakı ayı öz adı ilə tarixə salmağı əmr edir və sexstilis (6-cı ay) avqusta çevrilir.
Amma yanvardan başlayaraq 31 və 30 günlə əvəzlənən aylar iyulda 31 gün olsa da, avqust ömrünü 30 günlə «başa vururdu». Həddən artıq iddialı Oktavian isə Sezarın adını daşıyan aydan bircə gün az «ömür sürən» ayla adlanmaq istəmirdi; növbəti ayı öz adına adlandırmaq niyyətində də deyildi: axı, Sezardan sonra dərhal o gəlməliydi!
Nəticədə yenə fevralın «başı» ağrımalı olur: fevral ayından bir gün götürüb, avqustun üstünə gəlməklə, Yuli və Avqustun şərəfinə olan ayların günlərini 31-ə çatdırırlar, fevral isə 3 il 28, 4-cü il isə 29 günə kifayətlənməyə məcbur olur.
Ay, Günəş və Günəş-Ay təqvimləri
Aya ona görə «ay» deyilir ki, bu, Ayın Günəşlə Yer arasında durduğu (ayparanın doğulması) nöqtəyə qayıtması arasındakı dövrü əhatə edir.
Ay (qəmər) təqvimində bir il (12 ay) 354 günə bərabərdir. Çünki ayparalar arasındakı məsafə 29 gün 12 saat, 44 dəqiqə, 3 saniyədir; ona görə də Ay təqvimində aylar 29 və 30 gün olaraq götürülür.
Burda problem Günəş təqvimindən 11 gün geri qalması deyil, həm də illər keçdikcə fəsillərin aylara görə yerini dəyişməsiylə bağlıdır. Üstəlik, hər ay yaşanılan 44 dəqiqə 3 saniyə «itirilir» və onu da düzəltmək lazım gəlir. Geriləməni 30 illik dövrlə bərpa edən «qəmərilər» hər 30 ilin 2, 5, 7, 10, 13, 15, 18, 21, 24, 26 və 29-cu illərini 355 gün etməklə, 11 günü yerinə qoyurlar.
Qəməri təqvimdə fəsillərin yerini dəyişməsi dövlətlərdə vergi yığımı mövsümlərinə təsir etməsi, torpağın oyanışı və yeni ilin gəlişinin vaxtaşırı olaraq aylara görə dəyişməsi narahatlıq yaratdığından, bəzən bu vəziyyətdən çıxmaq üçün Günəş-Ay (Şəms-qəmər) təqvimindən istifadə edilir.
Yəni fəsillərin aylar üzrə vaxtında gəlişini saxlamaq üçün Ay təqviminə 13-cü ay tətbiq olunur. Məsələn, 12 il 12 qəmər ayı, 7 il isə 13 günəş ayı ilə dövrilik tənzimlənir.
Yeri gəlmişkən deyək ki, hər il 12 qəmər ayına 11 gün əlavə etməklə də dövrülüyü qorumaq olardı. Ancaq qədim insanlar Günəşin, Ayın hərəkətini sakrallaşdırdığından, müqəddəs kimi götürülən 12 və 7 rəqəmlərini təqvimlərə tətbiq ediblər.
Ayın 7 günlüklərə - həftələrə bölünməsi də bu sakrallığı saxlamaqdan irəli gəlir.
Günəş təqvimi haqqında isə danışdıq: Yerin Günəş ətrafına bir dövrəsi ilə tamamlanan bu il hazırda dünyanın əksər ölkələrində tətbiq olunur.
Qriqori islahatı və ya Köhnə Yeni ilin yaranması
Yuli Sezardan başlayan və yayılan Günəş təqvimində bir çatışmazlıq var: Yer Günəş ətrafına 365 gün 5 saat 48 dəqiqə 46 saniyəyə dövr edir, ancaq insanlar illik 11 dəqiqə 14 saniyəni «artıq» götürməyə məcburdurlar.
Buna əhəmiyyət verilməsə də, illər öz sözünü deyir: hər 128 ildə bir gün artıq hesablayırıq və əlbəttə, uzun dövrlə müqayisədə bu günlər fəsillərin gəlişində öz sözünü deyir.
16-cı əsrdə artıq bu günlər üst-üstə 12 günü adlamışdı; insanlar hər 400 ildə təxminən 3 gün öz yaşlarını daha az göstərirdi; üstəlik, gecə-gündüz bərabərləşməsi də martın əvvəlinə doğru sürüşürdü. Ona görə Papa 13-cü Qriqori 1582-ci ildə heç olmasa 10 günlük fərqi götürməyi təklif etdi və 4 oktyabrdan sonrakı gün oktyabrın 15-nə açıldı.
İlk günlər insanlar buna ciddi etiraz etdilər, hətta birdən-birə 10 günlük qocalmalarını qəbul etmək istəmirdi və «qaytarın yaşamadığımız günləri» deyə nümayişlər də keçirirdilər. Doğrudan da, insanlığın 16 əsrlik «gün oğurluğunu» bir nəsildən almaq ədalətsiz görünürdü.
Ancaq «təqvim dəyişikliyi» fəsadlar yarada bilərdi, onu qaydasına salmaq lazım idi və getdikcə «gün fərqlərini» aradan qaldıran dövlətlərin sırası çoxaldı. Çünki Papa 13-cü Qriqori maraqlı bir sistem təklif etmişdi və bu hesablama təqvimi daha dəqiqliklə qorumağa imkan yaradırdı. Yəni, Papa - sonu 400-ə bölünməyən və sonu iki sıfırla qurtaran yüzilliklərin tamamında – 1700, 1800, 1900, 2100 və s. – fevral ayını 29-dan deyil, 28-dən hesablamağı irəli sürdü. Bu sistemin tətbiqi ilə insanlıq hər 33 min ildən cəmi bir gün öz xeyrinə «çox» yaşayır ki, bu da cüzi fərqdir.
Rusiyanın 1918-ci ildə Papa 13-cü Qriqorinin təqvim islahatını qəbul etməsi ilə Yeni il «yeni» və «köhnə»yə bölündü: 1918-ci ildən əvvəl qeyd edilən yeni il təzə tarixlə 13-nə sürüşdüyündən, «köhnə yeni ili» qarşılamaq ideyası da bəzən özünü göstərir.
Yeni il – İsanın mövludu?
Bizim eranın başlanğıcı və yanvarın 1-i – bəzi mülahizələrə görə, İsanın doğum tarixi, mövludu ilə bağlıdır və xristianlar uzun əsrlər ərzində bunu qorumaqda israrlıdırlar.
Ancaq məsələ burasındadır ki, katoliklərdə İsanın doğum tarixi 25 dekabr, yanvara, pravoslavlarda isə 7 yanvara təsadüf edir. Bəs, yanvarın biri necə olsun?
Bu tarixlər Yeni İlin mənşəyi ilə bağlı müxtəlif iddialara gətirib çıxarır.
Çinlilər Yeni il bayramının mənşəyini özlərinə aid edirlər. Qədim hindlilər və İranda yaşayan xalqlar (millətləşmə prosesi getmədiyindən, dini şərtlərlə birləşən o xalqları şərti olaraq «iranlılar» adlandırırlar) dekabrın 22-də işığın qaranlıq üzərindəki ilk qələbəsi və bu tarixdən başlayaraq işığın (günün) get-gedə güclənməsini bayram edirlərmiş. Hətta həmin gün Günəş tanrısı Mitranın doğum günü kimi qeyd olunmağa başlayır və bu deyim sürətlə yayılır.
Bəzi ehtimallara görə, Yeni İl bayramının «milad» (doğuluş) adlanması da tanrı Mitra ilə bağlıdır. Bu faktı təsdiqləyən məqamlardan biri də bütün dünyada insanların Yeni İli xeyir gətirən müjdəçi kimi gözləməsi, xüsusi atəşfəşanlıqla – işıqla – qarşılaması, ürəyindəki arzuları dilə gətirməsi, hətta uşaqların Yeni İlin soraqçısı olan Müqəddəs Varlıqdan – hədiyyələr almasıdır.
Ən tutarlı fakt isə ölüm üzərində qələbənin rəmzi olan Həyat Ağacının (küknar, şam) bəzədilməsi hesab olunur. Məlumdur ki, «Yolka bəzənməsi» Avropaya və xristian mədəniyyətinə 16-cı əsrdən sonra daxil olub; ancaq Həyat Ağacının bəzənməsi mərasiminin tarixi bir neçə min il öncəyə dayanır.
Sonradan xristianlığı qəbul edən Romada İsa peyğəmbərin də dekabrın son günlərində doğulması səbəbi ilə «doğuluş günü» həm də dini baxımdan öz məntiqi təsdiqini tapıb və kilsə sonradan bu ad gününü Mitradan alaraq İsaya verib.
Əlbəttə, hazırda Yeni İl bayramını bütövlükdə hansısa xalqa aid etmək olmaz. Çünki zaman-zaman bir çox adətlər – hətta Novruz bayramından bizə yaxşı tanış olan qapı-qapı gəzərək şəbih çıxarılması və evlərdən pay istənilməsi, yanar odun («milad odu») evlərə gətirilməsi adətləri Yeni İldə, dekabrın 31-də mərasim olaraq xristian mədəniyyətinin uzun müddət tərkib hissəsi olub. Bu fakt müxtəlif tarixlərdə – yanvarın 1-i və martın 21-də - Yeni İli qarşılayan xalqların və sivilizasiyaların yüz illərlə bir-birinə təsirini göstərməklə yanaşı, hazırda qarşıladığımız Yeni təqvim ilinin bütün xalqların adətindən yoğrulduğunu təsdiqləyir.