ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flindən Rusiya səfiri ilə sanksiyalarla bağlı müzakirələr aparmağı xahiş etmədiyini bildirib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ötən gün mətbuat konfransında jurnalistlərdən biri Trampan Rusiya səfiri ilə sanksiyalarla bağlı müzakirələrin aparılmasına dair Maykl Flinə göstəriş verilib-verilmədiyini soruşub. “Xeyr, mən belə bir göstəriş verməmişəm”, - deyə Tramp qeyd edib.
O, həmçinin, Rusiya ilə heç bir maliyyə əlaqəsinin olmadığını bir daha təsdiqləyib.
Qeyd edək ki, Flin bazar ertəsi axşam saatlarında istefa verib. İstefa ərizəsində o, Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak ilə təmasları barədə Ağ Evə tam məlumat vermədiyini etiraf edib.
Bundan əvvəl bildirilmişdi ki, Flin 2016-cı ilin dekabrında Sergey Kislyakla Rusiyaya qarşı tətbiq olunan sanksiyaları müzakirə edib. Trampın komandası o zaman bu məlumatları təkzib etmişdi.