Somalinin paytaxtı Moqadişoda silahlıların hotelə hücumu nəticəsində ölənlərin sayı 15-ə çatıb, 20 nəfər yaralanıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində Somali parlamentinin 2 deputatı ölüb.
“Parlament üzvləri Mahmud Məhəmməd və Abdullah Jamak hoteldə həyatlarını itiriblər. Hazırda təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat başa çatmaq üzrədir”, Moqadişo polisinin məlumatında deyilir.
Qeyd edək ki, silahlılar əvvəl “Ambassador” hotelinin qarşısında minalanmış avtomobili partladıblar, sonra isə hotelə hücum ediblər.
Terror aktına görə məsuliyyəti “Əş-Şəbab” terror qruplaşması öz üzərinə götürüb.