Qambiyanın eks-prezidenti Yəyya Camme ölkəni tərk edib. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, Y.Camme paytaxt Banjul şəhərindəki hava limanından üzərində fərqləndirici nişanı olmayan təyyarə ilə ölkəni tərk edib. Onun Ekvatorial Qvineyaya yollandığı bildirilir.
Qambiyaya 22 il rəhbərlik etmiş Y. Camme ötən gün prezident postundan imtina etməyə və səlahiyyətlərini yeni seçilən prezidentə təhvil verməyə razılıq verib.
Qeyd edək ki, yanvarın 18-də Qambiya Milli Assambleyası ötən ilin dekabrında keçirilmiş seçkilərdə məğlub olmuş prezident Yəyya Cammenin səlahiyyətlərinin müddətini uzadıb. Y.Camme yanvarın 19-da hakimiyyəti yeni seçilmiş prezident Adam Barrouya təhvil verməli idi.
Yanvarın 19-da Seneqal ordusu Qambiyada hakimiyyətin prezident seçkilərində qələbə qazanmış Adam Barrouya verilməsini təmin etmək məqsədi ilə bu ölkəyə daxil olub. Yəyya Cammeyə yanvarın 20-si saat 12.00-dək hakimiyyətdən dinc şəkildə getməsinə vaxt verilib. O, ötən gün prezident postundan imtina etməyə razılıq verib.