Zaman - 2011-ci ilin dekabrı
Məkan - Bakı şəhəri
İmamverdiyevlər ailəsi qəfil gələn zəngdən az qala diksinirlər. Danışıq çox qısa olur. “Mama, ağlama, inşallah yaxşı olar, mənim üçün dua elə”. Ana zəngdən və gizli nömrədən çaş-baş qalır...
Zaman - 22 yanvar 2013-cü il.
Məkan - İslamabad, “Serena” oteli.
“Orada keçmiş SSRİ-dən əsasən çeçenlər, dağıstanlılar və özbəklər döyüşür. Azərbaycandan olanlar isə azdır”. Bunu mənə Pakistanın sabiq daxili işlər naziri, senator Şahzad Vasim Xan deyir. Və gülümsəyib ayrılır…
***
3-cü yazı
...sanki qapqaranlıq bir vadi...
Hə, Vəziristan şəriət qanunları ilə idarə edilir. Bura yasaqlar vadisidir - televiziya, musiqi və musiqi alətləri, incəsənətin bütün növləri, şahmat, hətta ağ ayaqqabı geymək belə qadağandır. Nəinki seks, hətta bu barədə danışmağın belə sonu dar ağacıdır. Alkoqoldan danışmaq, təbii ki, yersiz olardı. Amma narkotik... Bax, bu artıq başqa söhbətin mövzusudur. Nəzarətsiz Vəziristanda narkotik dövriyyəsinin həcmini söyləmək çətindir. Ona görə ki, bunu sadəcə müəyyən etmək mümkün deyil.
Vəziristanda hələ də orta əsrlər dövrünün cəza metodlarından istifadə edilir. Şəriət məhkəməsinin əl kəsmək, daşqalaq etmək, göz çıxarmaq kimi hökmləri isə dərhal yerinə yetirilir.
Qız uşaqlarının təhsilindən isə danışmağa dəyməz. İslamabadda bizə deyirlər ki, vaxtı ilə Vəziristanda qızların təhsil alması üçün tikilən 200-dən çox məktəb topun qabağına qoyulub məhv edilib.
Buralarda kişilər saqqalı olmalıdır, qadınlar makiyajsız və qara çadrada. Qadınlara hətta küçədə və ya ictimai yerlərdə yanında kişi qohumu olmadan gəzmək də qadağandır. Elə kişilərin özlərinin də al-əlvan geyinməsi mümkünsüzdür. Vəziristan sanki qapqaranlıq bir vadini xatırladır. Sanki buralarda günəş çıxmır, gündüzlər göy üzü işıqlı deyil. Allah da buraları unudub: Allah deyib cihad edənlər ölkəsini…
Qarabağda hələ cihad elan edilməyib
Amma… Elə hər şeyin də başında bu ammalar durur. Nədən, axı nədən üzü Qafqazlardan tutmuş Türkiyə, Suriya, İordaniya, Səudiyyə Ərəbistanına qədər... cihad deyənlər bura axışırlar? Axı, elə onları, Bakı Neft Akademiyasının tələbələrini heç kim, heç bir qüvvə zorla aparıb bu Vəzirlər ölkəsinə çıxarmamışdı! Həmin o beş tələbə özləri getmişdilər.
Onlardan biri, Xəqani İmamverdiyev artıq haqq dünyasındadır. Yerdə qalan 4 tələbə isə hələ də NATO-ya, Pakistan ordusuna qarşı vuruşur. Onlar, onların vətəni nə NATO, nə də Pakistan ordusundan bir zərər, bir pislik görməmişdilər, axı!
Bu yerdə pakistanlı həmsöhbətimiz davam edir: “Cihad xaotik, nizamsız, özbaşına yaranan hərəkət deyil. Təbii ki, idarə olunur. Cihadı elan edənlər, onun məsuliyyətini öz üzərinə götürənlər isə Səudiyyənin tanınmış şeyxləridir. Məkkədə hər cümə namazından sonra ənənəvi dua mərasimi keçirilir. Və bu dualarda haradasa bir göstəriş, təlimat, ismarıc da var. Nə deyilir o dualarda? Təxminən bunlar: “Ya Allah, kafirlərə qarşı cihada qalxan qardaşlarımıza kömək ol”, “Çeçenistanda, Dağıstanda, Əfqanıstanda, Fələstində müsəlmanlara pislik və zülm edənlərə qarşı cihad edənlərə Allah özü yar olsun” və s. Fikir verin, burada sizin Qarabağın adı çəkilmir. Niyəsini bilmək istəyirsən? Deyim? Çünki Qarabağda hələ cihad elan edilməyib. Qarabağ üçün cihad elan edilən kimi həmin mücahidlər Azərbaycana axışacaq”.
Pakistandan qayıdandan sonra araşdırdıq: kütləvi xarakter almasa da, Azərbaycandan elə həmin cihad məmləkətlərinə gedənlər olub və var. Bunu heç kim də inkar etmir. Amma söhbət ondan gedir ki, həmin yerlərə gedənlərin əksəriyyəti dini təhsil almaq adıyla Azərbaycanı tərk ediblər. ADNA-dan Pakistana getmiş həmin 5 tələbə kimi… Onların valideynləri də etiraf edirlər ki, uşaqları İrana təhsil almağa gediblərmiş. Amma soraqları sonradan Pakistandan gəlib.
Parol: “Qovluq”
Azərbaycanlı gənclərin bu məqsədlə hara və necə aparıldığı barədə çox yazılıb. Biz sizə maraqlı bir foto təqdim edirik. Bu, sıradan bir foto təsiri bağışlaya bilər. İlk baxışdan diqqəti də çəkmir; ərəb hərfləri ilə Fələstinə azadlıq tələb edən şüarlar yazılıb, Qüdsdən şəkillər, tarixi Fələstinin xəritəsi verilib. Amma söhbət ondan gedir ki, bu, bir qovluğun fotosudur. Və bu qovluq həm də özünəməxsus parol rolunu oynayır. Bakıdan, Zaqataladan, Sumqayıtdan və ya digər yerlərdən dini təhsil almaq adı altında göndərilən gənclərin əksəriyyəti…öz sənədlərini oxuyacaqları dini məktəbdə məhz bu tip qovluqlarda təqdim ediblər. Bu isə o deməkdir ki, ora, həmin dini məktəbə göndərilən bu gənc gələcəkdə cihad üçün faydalı ola biləcək…
Elə Rəhim, bu gün Vəziristanda “Əburəhim” ləqəbi ilə tanınan azərbaycanlı gənc də ora bu yolla gedib çıxıb. Onun Suriyada təhsil aldığı deyilir. Məhz Suriyada, Dəməşqdə dini məktəbdə oxuyarkən fərasəti ilə seçilib, diqqət mərkəzinə düşüb. Hazırda Vəziristanda azərbaycanlılardan ibarət camaatlığa onun rəhbərlik etdiyi deyilir. İstər Rəhim, istərsə də başqa camaatlıqların rəhbərləri tabeliyində olanlara qarşı nə qədər tələbkardırsa, bir o qədər də qardaşlıq prinsiplərinə sadiqdirlər. Həmsöhbətimiz deyir ki, Əfqanıstanda, ya elə Vəziristanın özündə taliblərə pənah gətirmiş müsəlmanı, yer-göy yığıla gələ, düşməninin əlinə verməzlər. Sən demə, vaxtıyla Vəziristana yüzlərlə uyğur qaçıb gəlibmiş. Çin hökuməti qeyri-rəsmi yollarla Vəziristandakı xüsusi adamların vasitəçiliyi ilə onları geri tələb edib. Sincan-Uyğur Muxtar Vilayətindəki məlum hadisələrdə ittiham olunan həmin şəxslərin Çindəki aqibəti dar ağacı ilə nəticələnə bilərmiş. Amma Vəziristandakı tayfa başçıları, komandirlər Çinin hətta külli miqdarda mükafat vədlərini belə rədd edərək, müsəlman uyğurları rəsmi Pekinə verməyiblər.
Oradan qurtuluş var?
Vəzirisitan adlı qaranlıq dərəyə düşənin oradan çıxması olduqca çətindir.
Pakistanlı həmsöhbətimiz deyir ki, qaçmaq istəyənlər cihada xəyanətdə ittiham olunurlar və yerindəcə, hətta şəriət məhkəməsi olmadan belə güllələnirlər. Vəziristandan, Miranşahdan Pakistanın nəzarət etdiyi ən yaxın iri şəhərlər Kvetta və Peşəvərdi. Qaçmağı planlaşdıran şəxs bu şəhərlərə çatsa belə, Vəziristandakı səhra komandirlərinin təqiblərindən yaxa qurtarmaq çətindir. Çünki onların hər yerdə adamları var. Anındaca məlumat verirlər. “Oradan can qurtarmağın ən rahat yolu Pakistan ordusuna əsir düşməkdir. Amma məlum olsa, sonradan məhkəmələr tərəfindən sübut olunsa ki, sən hökumət qüvvələrinə qarşı döyüşmüsən, onda yenə səni ağır cəza gözləyir. Yox, sübut eləyə bilsən ki, Vəziristana təsadüfən gəlib düşmüsən, heç bir hərbi əməliyyatda iştirak etməmsən, cəzan bir az yüngülləşər. Yüngül deyəndə ki, yenə 4-5 il iş verəcəklər. Pakistan türmələrində yatmaq isə o deməkdir ki, çıxanda Hepatitin bütün növlərinə tutulmusan. Döyüş vaxtı yaralanıb, vəziyyətin qarışmasından istifadə edib də qaçmaq mümkündür. Onda da gərək ətraf ərazilərə yaxşı bələd olasan ki, yenidən onların əlinə düşməyəsən”.
...Haqqında söhbət açdığımız gənclərdən biri - Rəşad İsmayılov da döyüş vaxtı yaralanıb.
Məhkəməyə verdiyi ifadəsində Rəşad deyir ki, 2009-cu ilin fevral ayında o, Azərbaycandan gəlmiş Vüqar, Namiq və Arif adlı şəxslərlə birlikdə "Taliban" tərəfindən silahlarla təchiz edilərək koalisiya qüvvələrinə qarşı əməliyyatlarda iştirak etmək üçün döyüş bölgəsinə aparılıb. Koalisiya qüvvələri ilə baş vermiş atışmada Vüqar həlak olub, Arif ağır yaralanaraq əsir götürülüb:
"Mən və Namiq isə yaralansaq da, qaça bildik. Mən müalicəmi başa çatdırmaq üçün ailəmi götürərək İrana, yaxud da Azərbaycana qayıtmağı, bundan sonra ailəmi Azərbaycanda qoymağı və müalicə olunduqdan sonra yenidən Pakistana qayıtmağı qərarlaşdırdım. "Taliban"ın Miranşahdakı rəhbərlərinin birindən ailəmin Azərbaycana qaytarılması üçün icazə aldıqdan sonra həyat yoldaşım və 3 azyaşlı övladımla birlikdə 2010-cu ilin təxminən may ayının ortalarında bələdçi ilə yola çıxdım və təxminən bir ay müddətinə İranın Məşhəd şəhərinə gəldik".
Onun sözlərinə görə, İranda olduğu müddətdə Azərbaycana qayıtmağın yollarını aramağa başlayıb: "Sənəd düzəldə bilmədiyimi görən evində kirayə yaşadığım Yusif adlı şəxs mənə Türkiyə vətəndaşlarının adlarına olan pasportları göstərib, onları 300 dollara mənim və arvadımın adına sənədləşdirməyi təklif etdi.
Rəşadın dediyinə görə, Yusif bir neçə gün sonra onun və həyat yoldaşının fotoşəkilləri yapışdırılmış Türkiyə vətəndaşlarının adlarına olan pasportları ona verib. Bundan sonra o, arvadı və azyaşlı uşaqları ilə birlikdə 1 iyul 2010-cu il tarixdə İranın Culfa şəhərinə, nəzarət-buraxılış məntəqəsinə gəliblər. Sənədlərin yoxlanışı zamanı o, pasportları sənədləri yoxlayan şəxsə təqdim edib və problem olmadan Azərbaycana keçib. Burada isə pasportları məhv edib.
Və qurtulub… Bəlkə də özü başqa cür fikirləşir. Onun öz fikri, öz əqidəsi var. Amma… Amma ortada xeyli suallar da var: Niyə? Nə üçün? Dəyərdimi? Elə bu suallara da hərənin bir cavabı olacaq. Və hamının cavab haqqına hörmət edirik...
***
Zaman - 2011-ci ilin dekabrı.
Məkan - Bakı şəhəri.
…İmamverdiyevlər ailəsi qəfil gələn zəngdən az qala diksinirlər. Danışıq çox qısa olur. “Mama, ağlama, inşallah yaxşı olar, mənim üçün dua elə”.
Hamılıqla dua eləyək; ölənlərin ruhuna, qalanların sağ qayıtması üçün…
Zaman - 22 yanvar 2013-cü il.
Məkan - İslamabad, “Serena” oteli.
“Orada keçmiş SSRİ-dən əsasən çeçenlər, dağıstanlılar və özbəklər döyüşür. Azərbaycandan olanlar isə azdır”. Bunu mənə Pakistanın sabiq daxili işlər naziri, senator Şahzad Vasim Xan deyir. Və gülümsəyib ayrılır…
Orada gülmək də haramdır, Xan həzrətləri...
Səbuhi Məmmədli,
Pakistan