ABŞ prezidenti Barak Obama Havanaya tarixi səfəri çərçivəsində Kuba inqilabının lideri Fidel Kastro ilə görüşməyəcək.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ben Rods bəyan edib.
“Prezident Obamanın Fidel Kastro ilə görüşü nəzərdə tutulmayıb. Nə biz, nə də Kuba tərəfi bu görüşü təklif edib. Obama dövlət başçısı Raul Kastro ilə görüşlə kifayətlənəcək”, deyə B.Rods bildirib.
Ağ Ev rəsmisi əlavə edib ki, Raul Kastro ilə görüş hökumətlərarası münasibətlər baxımından önəmlidir.
ABŞ prezidenti martın 21-22-də Havanaya səfər edəcək.
Qeyd edək ki, Obama Kubaya 88 ildən sonra səfər edən ilk ABŞ prezidenti olacaq. Bundan əvvəl 1928-ci ildə prezident Kelvin Kulic Havanaya səfər edib.