”Yeni dönəmdə də rolumuzu oynamağa davam edəcəyik”.
APA-nın məlumatına görə, bunu NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında qurumun sədri Mayk Terner deyib.
Son 16 ildə NATO-nun yeni dönəmə uyğunlaşması barədə danışan Terner bildirib ki, təşkilat qarşısında duran əsas vəzifələrdən biri terrorizmə qarşı mübarizədir: ”İŞİD Əfqanıstan, İraq, Suriya və Liviyada mövcuddur, başqa bölgələrdə də təmsil olmağa çalışır. Bu terror təşkilatına qarşı mübarizədə NATO bütün imkanlarından istifadə edəcək”.
O, FETÖ-nun 15 iyuldakı hərbi çevriliş cəhdindən sonra istər vətəndaşı olduğu ABŞ-ın, istərsə də sədri olduğu təşkilatın Türkiyənin seçilmiş iqtidarı və demokratiyasını dəstəklədiyini bildirib. Yeni dönəmdə NATO-nun təsir gücünün artırılacağını deyən M. Terner təşkilatın həm hücum, həm də müdafiə imkanlarının genişləndirilməsinin vacibliyini önə çəkib.
Avropanın ABŞ-la birliyinin daha da gücləndiriləcəyini vurğulayan NATO PA sədri təşkilata üzv olan ölkələri həm fərdi, həm də təşkilat daxilində fəaliyyətini gücləndirməyə çağırıb: ”Siz də həm öz ölkənizdə, həm də NATO PA-da işləsəniz, öhdəsindən gələ bilməyəcəyimiz problem qalmaz. Yeni dönəmdə də biz öz rolumuzu oynamağa davam edəcəyik”.
Qeyd edək ki, bu, M. Ternerin NATO PA sədri kimi son çıxışı olub.